YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Bakı Avrasiya Universitetinin birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərdən biridir. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, zamanın ağır məngənəsindən xilas edib.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Ulu Öndər Heydər Əliyevin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada nüfuzlu şəxsiyyət olaraq tanındığını diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkənin üzləşdiyi bir-birindən ağır problemlərin həll edilməsində, milli müstəqilliyin möhkəmləndirilməsində və dönməzliyin təmin edilməsində, müasir cəmiyyət quruculuğu işində etibarlı siyasi dayaq oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı millətin və dövlətin sabahına inamını bərpa etdi. Ümummilli Liderimizin siyasəti ilə xalqın amallarının üst-üstə düşməsi taleyüklü vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdığını qeyd edən millət vəkili tədbir iştirakçılarına Heydər Əliyev dühasının dərindən öyrənilməsinin zərurət olduğunu söyləyib.

Daha sonra çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev qeyd edib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.

Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Ulu Öndərin Azərbaycanda gənclər siyasətinin formalaşmasında rolundan danışıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.