YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyevin Azərbaycan xalqına ən gözəl tövhəsi uğurlu siyasi varisi qalib sərkərdə İlham Əliyevdir!

Sadiq Qurbanov

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri 

12 dekabr Ümummili Lider Heydər Əliyevin anım günüdür!

Müasir Azərbaycanın qurucu lideri Heydər Əliyevin  ibrət dolu həyat hekayəsinin hər anı öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

Heydər Əliyev şəxsiyyətinin özünəməxusu səciyyəvi xüsusiyyətləri onun həyatının bir parması olan Sovetlər dönəminin də ödənilməsi xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev fenomeni Sovetlər Birliyi dönəmində həmişə diqqət mərkəzində olmuşdur. 14 iyul 1969-cu il  tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda KPMK-nin birinci katibi seçilən  46 yaşlı Heydər Əliyevin (1962-1982-ci illərdə Azərbaycana rəhbərlik etmişdir)  plenumdakı çıxışı bütün SSSR-nin sirkələdi. Plenumda Heydər Əliyevin SSSR-də rüşvətxorluğun mövcud olması və buna qarşı mübarizə aparılmasının zəruriliyi vurğulanırdı. Sovetlər Birliyində uzun illər formalaşmış  və kristallaşmış sterotipləri dağıdılması məhz  Heydər Əliyevin şəxsiyyəti  və adı ilə bağlıdır. Bu çıxışdan sonra dünyanın bütün radiostansiyaları Heydər Əliyevin bu məhşur çıxışını yayır SSRİ rəhbərliyi isə baş verənləri sükutla qarşılayır və vəziyyətdən çıxmağa çalışırdılar. Lakin Heydər Əliyevin sonrakı fəaliyyəti dönəmində də bu əxlaq kredosundan heç vaxt imtina etmədi və həqiqətin gözünə dik baxdı. İctimai fikirin dalınca gedənlərdən yox, ictimai fikiri yaradanlardan oldu. Bu idi Heydər Əliyev fenomeninin cəmiyyətə təsiri.      

MİLLİ HƏRBİ KADRLARIN YETİŞMƏSİNƏ TÖVHƏ

Ümummili Liderin  ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün  Sovet  rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda general Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına  nail olmuşdur. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam". Həmin dövrdə bu məktəbin yaradılması ilə yanaşı Azərbaycanda milli hərbçi kadrların hazırlanması üçün yüzlərlə gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi də bu sahəyə marağının artırılmasına və milli kadr potensialının daha möhkəmlənməsində əsas rol oynayırdı. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynamışdır.

Ali Baş Komandan kimi Heydər Əliyev tərəfindən dövlət qurucu­luğunun tərkib hissəsi olan ordu quruculuğunun qarşısında dayanan vəzifələrin, bu vəzifələrin həyata keçirilməsi üçün zəruri dövlət siyasətinin, bu siyasəti həyata keçirəcək qüvvə və vasitələrin düzgün müəyyənləşdirilməsi, bu prosesi bütünlüklə qanuni çərçivəyə salması və dövlətin mərkəzləşdirilmiş rəhbərliyi altına gətirməsi Azərbaycan Ordusunun sağlam əsaslar üzərində formalaş­masına və möhkəmlənməsinə yol açdı. Nəticədə, Azərbaycan Ordusu Heydər zamanında da bölgənin güclü orduların­dan birinə çevrildi. Ulu öndərin ən layiqli davam­çısı İlham Əliyevin prezidentliyi dövründə isə bu proses yüksələn xətlə davam etdirildi. Heydər Əliyev siyasətinə sədaqət və bu siyasətə yaradıcı münasibət Azərbaycan Ordusunu daha da möhkəmləndirdi. Qısa müddət ərzində bu ordunun texniki təchizatında köklü dəyişikliklər baş verdi. Hərbi büdcənin ildən-ilə artırılması, habelə respublikanın daxilində hərbi-sənaye komp­leksinin yaradılması Azərbaycan Ordusunu dünyanın ən müasir si­lahlarla təmin edilmiş ordularından birinə çevrirdi.

Bəli, bu gün böyük iftixar hissi ilə  44 günlük müharibənin zəfərlə basa çatmasında sadalanan  bu faktrların mühüm əhəmiyyətini xüsusi vurğulayırıq.

Təssübkeşlik......

Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının təəssübünü çəkən milli lider idi. Mixail Qorbaçovun Qazaxıstan rəhbəri Kunayevi vəzifəsindən kənarlaşdıraraq bu türk respublikasına qeyri-türk siyasətçini rəhbər təyin etməsi Heydər Əliyev tərəfindən çox böyük narazılıq və etirazlarla qarşılanmışdı. Yaxud Özbəkistan Respublikasının iqtisadi inkişafını əngəlləmək üçün ortaya atılmış “Qdılyan-İvanov” qondarma əməliyyatını pisləyən məhz Heydər Əliyev olmuşdu.

Mixail Qorbaçovun rəhbərlik etdiyi Kremldə baş alıb gedən milli ayrı-seçkiliyə etiraz dalğası ölkənin hər yerində baş qaldırırdı. Milli ayrı-seçkilikdən ən çox zərər çəkmiş azərbaycanlılar həmin prosesin önündə gedirdilər. Ona görə də Qorbaçovun hərb maşını Azərbaycanın gözünün odunu almaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakını qanına qəltan elədi. Ancaq bu xalqın “gözünün odunun alınmadıı”, daha da mətinləşdi.  Çünki, bu xalqın önündə getməyi bacaran Heydər Əliyev kimi oğlu var idi. Bütün təyziqlərə baxmayaraq Dahi rəhbər Moskvada Azərbaycan nümayəndəliyinə gələrək  Kremlin gözü qarşısında xalqın azadlıq hərəkatını dəstəkləyən, sovet dövlətinin qanlı əməllərini lənətləyən bəyanatla çıxış etdi. Xalqın əyilmiş qəddi düzəldi, azadlıq aşiqlərinin gözünə işıq gəldi.   Ulu öndər ölkəyə ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illərdə dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşdirməklə doğrultdu. Heydər Əliyev Bakıda dünya azərbaycanlılarının qurultaylarını keçirməklə, səfər etdiyi istənilən ölkədə Azərbaycan diasporunu yaratmaqla, diaspor rəhbərləri ilə görüşməklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsini yaratmaqla bir daha sübut etdi ki, o, bütün azərbaycanlıların rəhbəridir və xalqınız ona  ümummilli lider adını təsadüfən verməyib.

HEYDƏR ƏLİYEVİN BAYRAQ SEVDASI VƏ RƏSULZADƏ İRSİNƏ MÜNASİBƏTİ.

Heydər Əliyev: “Bayrağımız  dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir!”. 

Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. Bəzi şəxslər diletantlıq göstərərək Heydər Əliyevin M.Ə.Rəsulzadə irsinə münsibətinin birmənlaı olmadığı fikirini irəli sürürlər. Azərbaycanın Türkmənistandakı səfiri, Ümummilli Liderin silahdaşlarından olmuş Həsən Zeynalovun “Diplomatın tale yolu” adlı kitabında bu mövzu barədə maraqlı fikirlər yer alır. Səfir qeyd edir ki, Heydər Əliyev keçmişə, tarixə hörmətlə yanaşan rəhbər idi. Xalqın imperiya boyunduruğundan xilasına, milli azadlığına böyük önəm verən Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadəyə olan xüsusi münasibətini vurğulamaq lazımdır... Səfir qeyd edir: “1991-ci ili yanvarında Rəsulzadənin Qazaxıstanın Karaqanda şəhərində yaşayan  oğlu Azər Rəsulzadə Bakıya gəlmişdi. Mən Xalq Cəbhəsinin tədbirlərinin birində onunla tanış oldum, tez bir zamanda ünsiyyətimiz yarandı və tez-tez əlaqə saxlamağa başladıq. O, həmişə mənə Heydər Əliyevlə fəxr etdiyini və onunla görüşmək arzusunda olduğunu bildirirdi. Mən də fürsət olan kimi bunu həll edəcəyimi bildirirdim. Fevral ayının 9-da Heydər Əliyevlə Şəhidlər Xiyabanının ziyarət etmək planlaşdırılmışdı. Heydər Əliyevə Azərin onunla görüşmək istədiyini söylədim. O, məmnuniyyətlə görüşəcəyini bildirdi. Mən Azərə zəng edib həmin vaxt Şəhidlər Xiyabanına gəlməsini xahiş etdim. Səhər saat 10-11 radələrində Şəhidlər Xiyabanının ziyarət edərkən Azər də ora gəldi. Çox səmimi və duyğulu görüş oldu. Heydər Əliyevə Azərə atası Məhəmməd Əmin Rəsulzadə  haqqında çox xoş sözlər dedi və artıq Azərbaycana qayıtması, doğma vətəndə yaşamağın zamanının gəldiyini bildirdi. Azər isə Bakıda evinin olmadığını, ata-baba mülkünün ona qaytarılması, yaxud yaşamaq üçün Bakıda şərait yaradılması haqda müraciətinə hakimiyyət dairələri tərəfindən rədd cavabı aldığını bildirdi. Onda Heydər Əliyev onun Naxçıvana gəlməsini və ona bütün şəraitin yaradılacağını bildirərək, Azəri Naxçıvana dəvət etdi. Bu anda Azər kövrəldi və Heydər Əliyevə dərin minnətdarlığını bildirərək mütləq gələcəyini söylədi, səmimi görüşərək ayrıldı...”

Müstəqillik  ideallarına sadiq olan Heydər Əliyevin siyasi fəaliyyətinin ən vacib dövrlərindən biri də məhz Naxçıvan dövrüdür.   3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edilərək, Kommunist Partiyasının fəaliyyətini dayandırılması haqqında qərar qəbul edərək, Azərbaycan Respublikasının Ali Sovetindən Sovet İttifaqı Kommunist Partiyası və qurumlarının fəaliyyətinin dayandırılmasını xahış etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi məhz Heydər Əliyev təsdiq etmişdir. Sovet İttifaqının saxlanmasına dair referendum Azərbaycanın bütün başqa yerlərində keçirilməsinə baxmayaraq, Naxçıvanda keçrilməsinə imkan verməmişdir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində  Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirmiş və “Sovet Sosialist” sözlərini oradan çıxarmışdır və onu həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarılmışdır və s.

Bir maraqlı faktı da sizə xatırlatmaq istərdim, 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirilirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin tədbirdə iştirak edir, öz ana dilində, azərbaycan dilində nitq söyləyir. O deyir: “Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi”.
Təkcə bu fikri təhlil etsək görərik ki, Ulu Öndər hələ sovetlər zamanında universitetin yaradılmasında iştirak edənləri “Azərbaycanın ən yaxşı oğulları” adlandırmaqla bu günkü müstəqilliyimizin təməlini qoymuşdur desək yanılmarıq.Prezident İlham Əliyev BDU-nun 100 illiyi münasibətilə keçirilən mərasimdə “Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi…” söyləməklə 1969-cu ilin iyun ayında H.Əliyev tərəfindən başlanan müstəqillik yolunun daima ardıcıl və məntiqi əsaslarla davam etdirilməsini bir daha təsdiq etmiş oldu.

Gənclərin bilməli və öyrənməli olduğu tarix....

Heydər Əliyevin həyat fəlsəfəsinin öyrənilməsi və gənc nəsillərə təbliğ olunması yeni çağırışlara cavab verən vətənpərvər gənclik yetişdirilməsində  mühüm amilə çevrilməlidir. 

Ulu öndərimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Zaman ötdükcə, xalqımız Ulu Öndəri sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, Heydər Əliyev  olmasaydı, müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920 ci illərdə əldə etdiyimiz müstəqillikdən də qısa olacaqdı. Ulu öndərin böyük qayıdışı nəinki Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, eyni zamanda ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi. “Əslində, bizim 2-ci müstəqillik tariximiz 15 iyundan başlamışdır” desək, yanılmarıq. Çünki 1991-ci ildə əldə edilmiş müstəqillik formal, şərti xarakter daşıyırdı. O zaman idarəetmə düyməsi Moskvanın əlində idi. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu.

1991-1993-cu illərin qısa xülasəsini versək, onu deyə bilərik ki, bir tərəfdə 70 il mövcud olmuş imperiyanın dağılması prosesi gedirdi, digər tərəfdə isə xalqda milli oyanış baş qaldırırdı. Yaranmış siyası börhan çevik idarəetmə və yeni yanaşma tələb edirdi. Amma təəssüf ki, yaranmış bu siyasi böhrana bir tərəfdən öz hakimiyyətini qoruyub saxlamaq istəyən, imperialist təfəkküründən çıxa bilməyən Ayaz Mütəllibov və komandası, digər tərəfdən isə nəyin bahasına olursa-olsun, hakimiyyəti əla almaq, qamarlamaq yanğısı ilə meydanlara atılan cəbhəçi-musavatçı bəylər öz “töhfə”lərini verirdilər. Qütbləşmə, qarşıdurma getdikcə kəskinləşir və ölkə uçuruma yuvarlanırdı. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi oldu. Və nəhayət ki, 1992-ci il mayında AXC-Müsavat cütlüyü dövlət çevrilişi edərək, hakimiyyətin güc yolu ilə zəbt etdi. Bundan sonra vəziyyət daha da ağırlaşdı. AXC-Müsavat hakimiyyəti ölkədə xaos, anarxiya, özbaşınalığa rəvac verdi. Mənfur ermənilər isə bundan istifadə edərək torpaqlarımızı işğal edir və çoxsaylı qaçqınlar-köçkünlər ordusunun yaranmasına səbəb olurdular. Problemlər getdikcə artırdı, səriştəsiz idarəetmə, savadsız kadr siyasətinin nəticəsində müstəqilliyimiz və bütövlükdə ölkəmiz çox ciddi təhdidlərə məruz qalmışdı. Hakimiyyət idarəetmə strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirərək, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydular. Qısa fəaliyyətlərinin xülasəsi o oldu ki, ölkənin bir sıra regionlarında silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar nəinki vəziyyəti düzəltmədi, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxmışdı, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. 1993-cü ilin iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Hadisələrin ertəsi günü – iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda qəhrəman Cavad xanın nəvələri – gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.

Bakıda isə özlərini itirmiş yuxarı dairələrdə qədim Gəncə əhalisinin köçürülməsi, şəhərin bombardman edilməsi barədə sərsəm fikirlər səslənirdi. İyunun 8-də isə Əbülfəz Elçibəyin Milli Məclisdəki məntiqsiz çıxışı və AXC-nin bəyanatı hamını sarsıtdı. Bu düşünülməmiş avantürist hərəkətlərin məntiqi nəticəsi kimi, Gəncə elliklə ayağa qalxdı. Vəziyyətin ciddiliyini nəzərə alan siyasi partiyalar, cəmiyyətlər və digər təşkilatlar iqtidara qarşı etiraz bəyanatı imzaladılar.

Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq, Vətənin bu ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya – Azərbbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi. Buna qədər AXC-Musavat hakimiyyəti də əvvəlki iqtidarlar kimi Heydər Əliyevin nüfuzuna qısqanclıqla yanaşır, hər vəchlə onu respublikada baş verən siyasi proseslərdən təcrid etməyə cəhd göstərirdi. Ancaq xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, ölkəni, gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Bu məqsədlə onlar “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətlə çıxış edərək, Heydər Əliyevin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə görkəmli dövlət xadiminə müraciət etdilər. Bundan qorxuya düşən Xalq Cəhbəsinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq dövlətçiliyə balta vurmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını aldı. Həmin xəyanətkar qüvvələr 4 iyun hadisələrində Surət Hüseynovun “dar ağacından” qorxaraq yenə xalqı yox, öz talelərini düşünərək xalqın böyük oğlu, xilaskarı Heydər Əliyevə yalvararaq Bakıya dəvət etdilər. Yaranmış vəziyyətdə hakimiyyətə gəlməyin çox böyük riskləri olmasına baxmayaraq, həmişə Azərbaycanın taleyini öz taleyi bilən Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.

Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən kənar saldı”.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə, təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb, ona mane olmağa çalışdı. Vəziyyətdən səbrlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu mərhələ Azərbaycanın gələcəyini müəyyən etdi.

Heydər Əliyevin həyat fəlsəfəsi onun strateji düşüncəsindən doğan əməli fəaliyyəti ilə çulğalaşır. Heydər Əliyev heç vaxt başladığı işi yarımçıq qoymur. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi onun milli təfəkkürünün  və kristal əqidəsinin məhsulu idi. Azərbaycanın bütövlüyünün qorunması onun həyat kredosunun əsas fələsfəsidir. Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, ölkəmizi gələcəyə inamla baxan güclü bir dövlətə çevirmişdir.

Bu gün isə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Bəli, tam əminliklə demək olar ki, Azərbaycanın gözəl gələcəyi var.

Bu gün tam əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, müasir-müstəqil Azərbaycanımızın sağlam dövlətçilik əsasının dayanıqlı təməlləri üzərində, bu şərəfli siyasi yolun layiqli davamçısı Prezident İlham Əliyev çox məharətlə davam etdirir.

Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Beləliklə də, Azərbaycan indi nəinki regionda söz sahibidir, eyni zamanda dünya masştabında siyasi fiqura çevrilməkdədir.

 Bu gün ölümsüz liderimizi rəhmətlə anırıq!

44 günlük Vətən müharibəsinin qələbə ilə başa vuran Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun alternativi olmadığını bir daha təsdiq etdi.

 Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən qiymətli tövhə uğurlu siyasi varisi olan Müzəffər Ali Baş Komandan qalib sərkərdə İlham Əliyevdir!

Ruhun şad olsun əziz Liderimiz Azərbaycan etibarlı əllərdədir!