YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik elmimizin hamisi

Əfsun Sucayev

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

AMEA Aşqarlar Kimyası İnstitutunun İcraçı direktoru, kimya elmləri doktoru, dosent

““Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir!”

HEYDƏR ƏLİYEV

12 dekabr Ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümüdür. Artıq 18 ildir ki, bu tarixi şəxsiyyət cismən aramızdan ayrılıb. Ancaq qəlbən, ruhən həmişə xalqımızın ürəyində əbədi yaşayır. Onun ölkəmiz, xalqımız, millətimiz adına etdiklərini yetişən nəslə doğru-düzgün, olduğu kimi çatdırmaq elm adamlarının da başlıca vəzifəsidir. Bu gün ölkəmiz ərazi bütövlüyünün bərpası, 30 illik erməni işğalına son qoymaq kimi tarixdəki təkrarsız Böyük Zəfər əldə etməsinə görə o, böyük şəxsiyyəti dərin ehtiram və minnətdarlıqla anırıq. Çünki etiraf edəyin qələbəmizin qazanılması təkcə 44 günün işi deyildir. Müstəqilliyimizin bərpasından keçən dövrdə Ümummilli liderin hakimiyyətə ikinci dəfə qayıdışı ilk növbədə dağılmaqda olan ölkəmizi vətəndaş müharibəsindən xilas etməklə, müstəqil dövlət kimi ikinci dəfə süqut etməsinin qarşısını aldı, ardınca müstəqilliyinin möhkəmlənməsi, iqtisadi, hərbi güclənməsi indiki qalib ölkənin əsasını qoydu.

Ümummilli liderin bütün sahələrlə bağlı xidmətləri haqqında kifayət qədər yazılıb, yazılır və bundan sonra da yazılacaq. Onun sovet dövründə birrinci hakimiyyət illərində akademik elmimizin formalaşması, müstəqillik dönəmdə isə onun məhv olunmasınının qarşısının alınmasında misilsiz xidmətləri heç zaman unudula bilməz.

Elmi nailiyyətləri dövlət quruculuğu, ölkə iqtisadiyyatı və insan cəmiyyətinin inkişaf prosesinin mühüm elementinə çevirən Ümummilli lider respublikamıza rəhbərlik etdiyi bütün dönəmlərdə bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin geniş dəstəkçisi, təbliğ və təşviqçisi olmuşdur. O illərdə uşaq olsam da, baş verən prosesləri olduğu kimi dərk etməsəm də, ancaq elm sahəsində çalışmış görkəmli alimlərin xatirələrindən oxumuşam ki, bu ölməz şəxsiyyət akademik elmin daşıyıcılarına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir. Bu diqqətin məntiqi nəticəsi idi ki, Azərbaycanda ayrı-ayrı elmi istiqamətlər üzrə əksər elmi məktəblər (akademik Əli Quliyevin aşqarlar kimyası məktəbi, akademik Zahid Xəlilovun funksional analiz məktəbi, akademik Həsən Abdullayevin yarımkeçiricilər fizikası elmi məktəbi və sair) məhz o illərdə formalaşıb, təşəkkül tapmışdır.

Sövetlər dönəmində H.Əliyevin rəhbərlik etdiyi keçən əsrin 70–80-ci illərində yeni elm sahələrinin, elmi istiqamətlərin yaranması respublikamızda elmin inkişafına çox müsbət təsir göstərmişdi. Onun ideya müəllifliyi, təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə kimya, neft emalı və neft-kimya sənayesinə kapital qoyuluşu əsaslı şəkildə artırılmış, bu sahədə ən qabaqcıl texnologiyaların tətbiqinə nail olunmuşdur. Neft-kimya sənayesi modernləşdirilmiş və yenidən qurulmuşdur. Astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya kimi sahələr inkişaf etdirilmişdi. Ulu öndərin uzaqgörənliyi ilə Azərbaycanda onlarla nəhəng sənaye kompleksi-neft emalı, neft-kimya, maşınqayırma, cihazqayırma müəssisələri yaradıldı ki, bunlar da elmin sürətli inkişafını təmin etmişdir.

Məlum olduğu kimi Sovetlər Birliyi qapalı sistem olduğu üçün bütün digər sahələrdə də olduğu kimi elmdə də beynəlxalq əməkdaşlığa imkan verilmirdi. Ancaq Ümummilli lider fundamental tədqiqatlar sahəsində ən mühüm elmi nəticələrin əldə etməyin müştərək beynəlxalq tədqiqatlar yolu ilə əldə olunmasından funksional aslı olduğunu bildiyi üçün xaricdə təcrübə mübadiləsi və qabacıl təcrübənin qazanılıb ölkəyə gətirilməsinə nail ola bilmişdi.

Ulu Öndərin dəstəyilə Azərbaycan alimləri UNESKO və UNIDO beynəlxalq təşkilatların ekspertləri kimi xarici ölkələrdə çalışmaları mümkün olmuşdur. SSRİ rəhbərliyi adətən belə məsələlərdə ittifaq respublikaları arasında ayrı-seçkiliyə yol verərək Rusiya, Ukrayna və Belorusdan olan mütəxəssisləri irəli çəkərdi. Ancaq o dövrdə məhz Heydər Əliyev Moskva qarşısında məsələ qaldırmışdı ki, niyə beynəlxalq təşkilatların fəaliyyətində yalnız yuxarıda adları sadalanan respublikalar iştirak edir, yüksək elmi potensiala malik olan Azərbaycan iştirak etməməlidir?

Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft və qaz ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə kimya sənayelərini inkişaf etdirmədən güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil.

Ümumimilli liderin tövsiyələrinə uyğun olaraq AMEA-nın neft-kimya təmayüllü elmi tədqiqat institutları və respublikanın bu sahədə fəaliyyət göstərən digər elmi mərkəzləri qeyd olunan sahələrdə elmi-tədqiqat işlərini genişləndirib və bir çox uğurlu nəticələrə imza atıblar. Aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.

Hazırda icraçı direktoru olduğum AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən yaradılmış müxtəlif növ aşqarların və sürtkü yağlarının alınması texnologiyası keçmiş SSRİ-nin müxtəlif regionlarına tətbiq edilmişdir.

Təsəvvür edin, Ulu Öndərin rəhbərliyi dövründə SSRİ-də istehsal olunan aşqarların və motor yağlarının həcminin 20%-ni Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən yaradılmış aşqarlar və sürtkü yağları təşkil edib.

Heydər Əliyev dahiliklə həm qeyd olunan sənaye sahələrini, həm də onlara uyğun olan elm sahələrinin paralel və bir-birilə əlaqəli inkişafını təmin edən “ən optimal inkişaf konsepsiyasını” yaratmağa nail olub. Çünki sənayenin inkişafı yeni elmi tədqiqatlar tələb edirdi və eyni zamanda bu tədqiqatları stimullaşdırırdı. Belə bir konsepsiya elmi nəticələrin istehsalata tətbiqinə şərait yaradıb. Çox keçmədən elmə yatırılan vəsaitlər tətbiq sahəsində daha çox büdcə vəsaitinin yaranmasını təmin edib.

SSRİ dövründə iqtisadiyyatın inkişafında rol oynayan elmi-tədqiqat işlərinin mühüm nəticələri hansı respublikada yerinə yetirilməsindən asılı olmayaraq, SSRİ Nazirlər Sovetinin tətbiq planına salınardı. Lakin bu işlərin seçimi zamanı, sağlam rəqabət olmadığından yenə də üstünlük Rusiyanın elmi mərkəzlərində yerinə yetirilmiş işlərə verilərdi. Ulu öndər Sov. İKP Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda AMEA-nın Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası institutlarında yaradılmış bir neçə prosesi SSRİ Nazirlər Sovetinin tətbiq planına salınmasına nail olub.

Sovetlər Birliyinin dağılması ilə Azərbaycan elmi də böyük bir tənəzzül yaşadı. Müstəqilliyin ilk illərində elmi potensialın cəmləşdiyi AMEA-nın hətta bağlanmaq təhlükəsi yaranmışdı. Bu ideyanın müəllifləri isə vaxtı ilə Akademiyada çalışmış, guya elmlə məşğul olmuş, ancaq elmdə özlərini doğrulda bilməyənlər “zəlzələdən, ya vəlvələdən” yiyələndikləri vəzifə mövqeyinin yaratdığı imkanlardan istifadə edərək, sanki elmin başqa aspektdən inkişafını ancaq Akademiya və onun institutlarının bağlanmasında görürdülər. Amma dünyada və ölkəmizdə davamlı cəmiyyətin formalaşmasında elm və alimlərin mühüm rolunu qiymətləndirən Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə bu təhlükənin də qarşısını aldı və  cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoya bildi.

Sovet illərində olduğu kimi müstəqillik illərində də Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilməyə başladı. Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi. Bu tarixi fərman Azərbaycanda fundamental elmin əldə etdiyi nailiyyətləri, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir.

Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu vermiş oldu, onun Nizamnaməsinə dövlət sənədi, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti verildi. Beləliklə, AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yarandı, Akademiyanın fəaliyyət dairəsi genişləndi, səlahiyyətləri artdı və qarşısına məsul dövlət vəzifələri qoyuldu.

Bir sözlə, Ümummilli lider bu tarixi fərmanlarla AMEA-ya milli, eləcə də ölkədə elm siyasətini həyata keçirən mərkəzləşmiş ali dövlət orqanı statusları verərək onun yeni mərhələdə inkişaf etdirilməsinə, Azərbaycanın milli sərvəti kimi qorunub saxlanılmasına səbəb olub. Təkcə bu fakta görə, yəni Akademiya bu gün mövcudluğunu qoruyub saxlayırsa, akademik elmin təmsilçiləri olan hər kəs o böyük şəxsiyyətə daim minnətdar olmalıdırlar.

Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.