YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Paradı eyni zamanda yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişidir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Keçən ilin bu günü paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümü oldu. Möhtəşəm qələbədən sonra böyük səbirszliklə və intizarla gözlədiyimiz bir gün vardı- hər kəs qəhrəman və rəşadətli Ordumuzun qüdrətini, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının xalqa və dünyaya səslənişini gözləyirdi. Belə bir şərəfli və qürurlu tarixin 10 dekabr 2020-ci ildə şahidi olduq. Bakının Azadlıq Meydanında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin iştirakı ilə Zəfər paradı keçirildi. Bu, Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə əbədi yazılan bir hadisə idi.

Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbənin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişatı göstərir ki, müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur. Bir məqamı da qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi. Kapitulyasiya aktı Ermənistanı diz çökməyə və işğal altında saxladığı Azərbaycan torpaqlarını qaytarmağa məcbur etdi. Ermənistan hər addımda kobud şəkildə pozduğu beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə məcbur edildi. Əlbəttə, bu məsələ yalnız Ermənistanın məğlubiyyəti ilə bitməyəcək, işğalçı Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına və çoxsaylı hərbi cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək.

Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən, raket və artilleriya qurğuları, hərbi gəmi və katerlər, eləcə də, hava hücumundan müdafiə sistemləri nümayiş etdirilmişdir. Paradın ən yadda qalan hissələrindən biri Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması idi. Zəfər paradının təşkil edilməsi Azərbaycan ordusunun dünya standartlarına cavab verən qüdrəti bütün dünyaya nümayiş etdirildi.

 2020-ci il dekabrın 10-da keçirilən Zəfər Paradı eyni zamanda yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişidir.