YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə “Nizami dühası” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim edilib

Yasamal rayon və Gəncə şəhər İcra Hakimiyytətlərinin dəstəyi, YAP Yasamal rayon və YAP Gəncə şəhər təşkilatlarının təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində mütəfəkkir şairin doğma şəhəri Gəncədə “Nizami dühası adlı musiqili ədəbi-bədii kompozisiya təqdim edib.

Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Gəncə şəhər təşkilatının məsul əməkdaşı Orxan Əhmədov tədbiri açaraq, Gəncədə yaşayıb yaradan dahi Nizami Gəncəvinin Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini məhz bu şəhərdə ərsəyə gətirdiyini dilə gətirib.

Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov çıxış edərək, dünya ədəbiyyatının görkəmli nümayəndəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmasından danışıb, nadir şəxsiyyətin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində qoruyub saxlandığını qeyd ediblər.

YAP İncəsənət Gimnaziyası Ərazi ilk partiya təşkilatının sədri Hicran Sadıqzadə gimnaziya kollektivinin dahi Nizami Gəncəvinin yaşayıb yaratdığı şəhərdə olmalarını, konsert proqramı ilə çıxış etmələrini məmnunluq hissi ilə qarşıladıqlarını qeyd edib.

Layihə rəhbəri Aytən Əhmədova, təşkilatı işlər üzrə rəhbər Zeynəb Cəfərova, ssenarist, ideya rəhbəri Günay Zebiç (Mehdizadə), rejissor Hicran Sadıqzadə, quruluşcu rejissor Elman Əliyev, musiqi tərtibatı Ülviyyə Vəlizadə olan musiqili ədəbi-bədii kompozisiya “Sevgili canan” musiqisinin sədaları altında Gəncə tamaşaçılarına təqdim edilib. Dahi Nizaminin surətini yaradan Rufiz Qulizadə izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Nizami Gəncəvi əsərlərindəki obrazları böyük məharətlə yaradan Aida Bəşirova, Canəli Canəliyev, Sənan Muxtarov və Almaz Həsənzadənin çıxışları maraqla qarşılanıb. Tədbirdə həmçinin, Ədilənin, Həzrətin, Məhəmməd Hacıyevin, Oqtay Şərifovun ifalarında böyük şairin əsərləri əsasında bəstələnmiş mahnı və romanslar səsləndirilib.

YAP Gəncə şəhər təşkilatının məsul əməkdaşı Orxan Əhmədov kompozisiyanın hazırlanmasında görə gimnaziyanın rəhbərliyinə, kollektivinə  minnətdarlığını bildirib.

Sonda musiqili ədəbi-bədii kompozisiyanın yaradıcı heyətinə Fəxri Fərman təqdim edilib.