YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir

Müşfiq Məmmədli

Milli Məclisin deputatı

Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş  İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı mühüm tarixi əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə qəbul olunmasında yüksək rol oynadı.

Azərbaycan İƏT-in fəal üzvü olması ilə yanaşı təşkilata  üzv dövlətlərlə münasibətləri dostluq və qarşılıqlı hörmət əsnasında qurmuşdur. Azərbaycan nəyinki təşkilat daxilində həmçinin,  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə əməkdaşlığı üst səviyyədədir.

Əbəs yerə deyil ki, Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Azərbaycan  pandemiyanın fəsadları ilə mübarizə də öz töhvəsini dünyaya verməkdədir. Koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım edilmişdir..Cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına start verildikdən sonra ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.

            Ölkə rəhbəri çıxışı zamanı ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyulmasını xüsusi vurğuladı. Təbii ki, dövlət olaraq bu hadisə tariximizdə mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi Azərbaycanın özü öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını dövlət olaraq özü təmin etmiş oldu.

            İşğal dövründə bütün şəhər və kəndlərimiz, o cümlədən mədəni və dini irs abidələr Ermənistan tərəfindən yerlə-yeksan edilmişdir. Məscidlər dağıdılmış və təhqir edilmişdir.

 Azərbaycan öz humanist məqsəd və məramından irəli gələrək, Ermənistandan fərqli olaraq qurucu dövlət kimi genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Cənab prezidentin qeyd etdiyi kimi, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salınır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir.

            Artıq yeni düzən və yeni perspektiv olan Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Həmçinin İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər.

   Sonda ümumiləşdirərək bildirmək istərdim ki, Azərbaycan yürütdüyü siyasəti açıq müstəvidə aparır. Artıq bütün dünya dövlətləri tərəfindən Azərbaycanın bəşəriyyətin inkişafına yönəlik addımları qəbul olunur. Qarşı tərəf Erministanın isə siyasəti tam olaraq iflasa uğramışdır. Yaranmış yeni reallıq qaçılmazdır. Məhz bu baxımdan regiona sülh və əmin-amanlıq gətirən, inkişaf və əməkdaşlığın inamlı partnyoru olan Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın iqtisadi durumunu, xarici və daxili siyasətini, gücünü nəzərə alaraq əminliklə söyləyə bilərik ki, biz Qafqazın aparıcı ölkəsi olaraq yaxın müddətdə regionu dünyanın ən mühüm bölgəsinə çevirəcəyik!