YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP müasir Azərbaycanla birgə yaranmışdır

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Artıq uzun illərdir ki, birgə fəaliyyətimiz nəticəsində YAP-ın yanaşmalarını və Ulu Öndər Heydər Əliyevin ideyalarını, irsini yaşatmaq üçün bir amal ətrafında birləşmişik. Qədirbilən xalqımız doğma partiyamızın yaradılmasından cəmi 6 ay sonra ona sonsuz etimad göstərmiş, fırtınalı dənizlərdə üzən Azərbaycan gəmisinin sükanını məhz YAP-ın sədri, Azərbaycanın böyük oğlu, dünya siyasətinin say-seçmə siyasi xadimlərindən biri olan Heydər Əliyevə həvalə etmişdir. YAP siyasi partiya olsa da cəmiyyətin bütün sahələrində müxtəlif layihələr həyata keçirir. Tam əminliklə deyə bilərəm ki, doğma partiyamız Heydər Əliyev siyasi irsinin mənəvi mühafizəçisi, cəmiyyətimizin isə sosial müdafiəçisidir.

Əlbəttə, Yeni Azərbaycan Partiyası gücünün mənbəyini dahilər dahisi, tarix boyu yaşamış ən qüdrətli dövlət və ictimai xadimlərdən biri olan Ulu Öndər Heydər Əliyevdən, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi ən Müzəffər sərkərdə cənab Prezident İlham Əliyevdən və öz tarixi, dili, dünyaya qazandırdığı saysız - hesabsız dəyərləri, verdiyi töhfələri ilə öz aliliyini qoruyub saxlayan müdrik Azərbaycan xalqından alır. YAP Ulu Öndərin də hər zaman qeyd etdiyi kimi tarixi zərurətin təkidli tələbi idi. Siz bu tarixi prosesləri bilirsiniz, gənclərimiz isə öyrənirlər. Yaxşı öyrəndiklərinə əminəm. Çünki əgər belə olmasa idi, biz Qarabağı işğaldan azad edə, Şərqi Zəngəzura Cəfər Cabbarlının şeri ilə desək, yaşıl donlu, mavi gözlü, al yanaqlı bayrağımızı asa bilməzdik. Bütün məsuliyyətimlə deyirəm ki, ölkəmizin əldə etdiyi bütün uğurlarda olduğu kimi şanlı Zəfərimizin əldə olunmasında da YAP üzvlərinin müstəsna xidmətləri vardır. Məsələn, əyləşdiyimiz əzəmətli Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin bu salonunda hər kəs YAP üzvüdür. Onlar doğma rayonumuzun tərəqqisi, inkişafı naminə gecələrini gündüzlərinə qataraq çalışır və Suraxanın nurlu gələcəyinə öz töhfələrini verirlər. Bu tendensiya bütün ölkə üzrə belədir. Biz ləyaqətli üzvlərimizlə fəxr edirik!

Böyük Britaniyanın əfsanəvi baş naziri Uiston Çörçil deyirdi ki, dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir. 1992-ci ildə soyuq noyabr günü siyasi təzyiqlərin fövqündə fiziki məhdudiyyətlərə məruz qalmış Ulu Öndər Heydər Əliyev gələcək nəsilləri düşünərək Yeni Azərbaycan Partiyasını yaratmışdır. Əslində ömrünün ahıl vaxtında Moskvada bütün imkanlarla əhatə olunmuş rahat və firavan həyatını xalqı naminə əziyyət, məhdudiyyətlər və keşməkeşlərə dəyişəndə də Ulu Öndər xalqının gələcəyini düşünürdü. Naxçıvanda Heydər Əliyev tərəfindən elə həyati qərarlar qəbul olunurdu ki, Bakıda mərkəzi hakimiyyət və dırnaqarası azadlıq hərəkatında iştirak edənlər bu cür əhəmiyyətli qərarların qəbuluna heç cəhd də edə bilməzdilər. Naxçıvanda məhdud şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli şanlı bayrağını Heydər Əliyev dalğalandıranda, Naxçıvanın adından Muxtar Sovet Sosialist Respublikası sözünü siləndə Bakıda mərkəzi hakimiyyət saxta referendum keçirirdi. Hansı ki, bu, heç kimə gərək deyildi. Baxın, bu hadisələrin fövqündə YAP yaradılmışdır. Bu gün özlərini demokrat adlandıranlar dırnaq arasında qəhrəman adlarını daşıyanlar o zamanlar Ulu Öndər Heydər Əliyevin evlərdə gizli saxlanılan portretlərindən belə çəkinirdilər. Xalqın qarşısında o qədər gözləri kölgəli idilər ki, Heydər Əliyevin adının o zaman çəkilməsi onlar üçün böyük təhlükə idi. Ədalət tərəzisi, haqqın kəskin qılıncı olan Heydər Əliyev onun xalqına qarşı edilmiş bütün cinayətlərin hesabını soracaqdı. Məhz bundan çəkinənlər onu əvvəl Bakıya buraxmasalar da sonradan onu təvəqqe ilə dəvət etmişlər. Çünki Heydər Əliyev zamanın tələbi, xalqın isə təkidi idi. Utanmadan ona süni maneələr yaradanların sonradan onu özlərinin xilaskarı kimi dəvət etməkdən başqa çıxış yolu qalmamışdır.

Belə bir məsəl var, deyərlər ki, özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə qərib kimi yaşamağa məhkumdur. YAP yaranan dövrdə ölkənin siyasi palitrasında elə siyasi qüvvələr var idi ki, onların azərbaycançılıqla, milli özünüdərklə, xalqın adət - ənənələri ilə və milli təfəkkürlə heç bir əlaqəsi yox idi. Ona görə də Azərbaycan xalqı bu mühitdə özünü qərib kimi hiss edirdi. Məhz bu səbəbdən Ulu Öndər Heydər Əliyevin “fırtınalardan keçənlər” adlandırdığı “91-lər” meydana çıxmışlar. Onların cəsarəti, dəyanəti və xalqa sədaqəti YAP-ı, YAP da müstəqil Azərbaycanı yaratdı. Bugünkü şanlı zəfərimizin tarixi kökləri Naxçıvanda o soyuq, yarı qaranlıq, yarı işıqlı zalda verilmiş müdrik qərarların məntiqi davamı idi. Heç təsadüfi deyil ki, 8 noyabrda Şuşa Zəfərindən sonra Ulu Öndərin əbədi istirahətgahını ziyarət edən Müzəffər Ali Baş Komandan ata vəsiyyətini şərəflə yerinə yetirdiyini ifadə etmişdir.

29-cu ildönümümüzü qeyd edərkən doğma üzvlərimizlə səmimi söhbətin, dərin müzakirələrin, azad düşüncənin ifadəsinin və qarşılıqlı fikir mübadiləsinin əhəmiyyətli olacağı qənaətindəyəm. Gəlin, səmimi etiraf edək ki, 760 mindən çox üzvü olan bir siyasi hərəkata indi daha keyfiyyətli, əqidəli, cəmiyyətdə öz sözünü öz əməli ilə deməyi bacaran üzvlər lazımdır. YAP trampilin deyil, vəzifə nərdivanlarında pillə deyil, YAP heç hansısa vəzifəyə keçmək üçün üzvlük vəsiqəsi alınan qurum da deyil. YAP Ulu Öndər Heydər Əliyevin zəkasının nurundan yaranmış, Azərbaycan xalqının sosial müdafiəsini təmin edən, çox hörmətli Mehriban xanım Əliyevanın alicənab, humanist yanaşmalarının ictimai dayanağı və cənab Prezident İlham Əliyevin siyasi istinad nöqtəsidir. Bundan sonra YAP üzvü olmaq istəyən hər bir vətəndaşımız doğma partiyamızın dəyərlərini qavramalı, fırtınalardan keçmiş bu siyasi hərəkata könlü ilə, qəlbi ilə bağlı olmağı nəzərə almalıdır. Sıralarımızda təəssüf ki, bəzən doğma partiyamızı subyektiv dəyərlər kontekstində qiymətləndirənlər, verilmiş partiya tapşırıqlarına başısoyuq, natamam diqqətlə yanaşanlar vardır. Doğrudur, YAP Suraxanı rayon təşkilatının tarixində bu cür neqativ hallar çox şükür ki, olmamışdır.

Yeni Azərbaycan Partiyası öz ənənələrinə sadiq siyasi qurum olmaqla yanaşı daim yenilənməyi, inkişaf etməyi və müasir çağırışlara cavab verməyi öz qarşısına məqsəd qoymuşdur. YAP-ın VII qurultayının iştirakçısı kimi qeyd etmək istəyirəm ki, möhtərəm Prezident, hörmətli sədr partiyanın qarşısında böyük hədəflər qoymuşdur. Biz özümüz öz səhvlərimizdən nəticələr çıxararaq daha da inkişaf etməyi bacarmalıyıq. Azərbaycan Prezident üsul-idarə sistemi ilə idarə olunur. Yəni uzun illərdir demoktratik seçki ənənələrinin olduğu ölkəmizdə bundan sonra da buna əməl olunacaqdır. Qanunverici hakimiyyət orqanında və bir çox mərkəzi, yerli icra hakimiyyəti orqanlarında aparılmış struktur, kadr islahatları dövlətimizin şəffaf idarəetmə yoluna sadiq qalacağının sübutudur. Biz YAP olaraq dəyərli və əqidəli gənclərin yetişdirilməsinə xidmət etməliyik. Doğma partiyamızda ən dəyərli kadrlar təbii şəkildə toplaşmalı və onlar dövlətimizin kadr ehtiyaclarını təmin etməlidirlər.

Dahi Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını dünənin, bugünün və sabahın partiyası adlandırdığı o tarixi cümlənin siyasi mahiyyəti ilə yanaşı, mənəvi böyüklüyünü zaman keçdikcə, insan müdrikləşdikcə daha yaxşı anlayır. YAP müasir Azərbaycanla birgə yaranmış və bir gün belə tənəzzül etməmişdir. Tarixi böyük, arxivi zəngin, yolları keşməkeşli siyasi aşırımlardan ötən doğma partiyamız hər bir vəziyyətə hazırdır. Partiyada aparılan islahatlar nəticəsində Veteranlar Şurasının yaradılması və orada bütün mənalı ömrünü YAP-ın inkişafına həsr etmiş ən dəyərli adamların cəmləşməsi sadə görkəmli, möhtəbər hadisədir. Cənab Prezident dövlətinə, partiyasına və rəhbərinə sədaqətlə xidmət edənlərin heç zaman unudulmayacağını bir daha sübut etdi. Yenidən formalaşan, inkişaf edən, təzələnən və hərtərəfli islahatlar kursu keçən doğma partiyamızın uzun və şərəfli həyat yolu keçmiş, ictimai-siyasi xidmətləri olmuş xadimlərin təcrübələrinə ehtiyacı vardır.

Biz bu gün sıralarımızda olan dəyərli gənclərimizlə qürur duyuruq. Tədbirlərimizin təşkili, ən çətin, ən ağır pandemiya günlərində əhalinin həssas təbəqəsinə yardımların çatdırılması, partiya tapşırıqlarının operativ yerinə yetirilməsində əsas güc gənclərimizin üzərinə düşür. Xalqımızın Şanlı Zəfərinin əldə olunmasında siyasi mənsubiyyətindən asılı olmayaq hər kəs öz əməyi ilə pay sahibidir. Lakin mənim üçün şərəfdir ki, döyüşlərdə qəhrəmanlıq göstərib şəhid olan, qazi olan gənclərimizi bu gün dərin hörmət və ehtiramla anım. Vətən Müharibəsində siravi gənclərimizlə yanaşı partiyada rəhbər vəzifə tutan gənclərin şəhid olması onu göstərir ki, YAP ölkənin ən vətənpərvər gənclərini öz sıralarında toplamaya bilmişdir.

Bu gün partiyanın 760 mindən çox üzvündən təxminən 250 mindən çox üzvü məhz gənclərdir. YAP-ın lokomotivi, YAP-ın bayraqdarları gənclərdir. Onlar Prezidentin səmimi dostları və dəstəkləyiciləridirlər. YAP-ın ətrafında birləşən gənclər ordusunun yüksək təhsilə yiyələnməsi, müasir dövrün elmi inqilablarını mənimsəməsi, süni intelekt, kompyüter texnologiyaları, müasir təbabət və digər sahələrdə ixtisaslı kadr kimi formalaşması bizlər üçün qürur mənbəyidir. Arzu edirəm ki, indiki gənclər də öz sələfləri kimi ölkəmizin gələcəyi naminə böyük işlərə, layihələrə imza atasınlar. Bu istiqamətdə hər bir YAP üzvü olan gəncin öz ətrafında olan digər gəncləri YAP-a dəvət etməsini tövsiyyə edirəm. Hər 18 yaşı tamam olan gəncin üzünə doğma partiyamızın, o cümlədən də YAP Suraxanı rayon təşkilatının qapıları açıqdır.

YAP-ın beynəlxalq sferada uğurları dövlətimizin layiqli təmsilçiliyinin təmin olunmasına hesablanmışdır. Dünyanın hakim partiyaları ilə təcrübə mübadilələri göstərir ki, yaşca onların əksəriyyətindən cavan olan doğma partiyamızın həyata keçirdiyi layihələr, gördüyü işlər heç də az deyildir. Xüsusi ilə Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” siyasi-fəlsəfi fikirlərini özünə mayak bilən Azərbaycan - Türkiyə münasibətlərinin əhəmiyyətli tərkib hissəsi kimi AKP - YAP münasibətləri çox böyük tarixi hadisədir. Vətən Müharibəsi ərəfəsində və sonrasında qarşılıqlı edilmiş səfərlər və fikir mübadilələri qardaşlıq münasibətlərinin daha möhkəmlənməsinə xidmət etməkdədir.

Yeni Azərbaycan Partiyası həm zəfərlərin partiyasıdır, həm də zəfərlərin çarçısıdır! Getdiyimiz bu müqəddəs yolda amalımız xalqa xidmət, arzumuz dövlətimizin daimi inkişafı olmuşdur. Başda Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri möhtərəm İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP sədrinin birinci müavini çox hörmətli Mehriban xanım Əliyeva olmaqla hər bir partiya üzvünü YAP-ın yaradılmasının 29-cu ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Doğma evimiz olan Yeni Azərbaycan Partiyasına yeni və daha böyük uğurlar arzulayıram!