YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir il əvvəl işğaldan azad olunmuş Ağdama həyat yenidən qayıdır

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

Qafqazın Xirosiması

1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar.

Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.

Viran qoyulmuş Ağdam yenidən tikilir

Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri gedir.

Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək

Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyması, park-meşədə ağac əkməsi rayona yeni nəfəs gətirib. Artıq təsdiq edilmiş Baş Plana əsasən Ağdamda quruculuq dövrü başlayıb.

Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faiz fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Hazırda 5 kvartaldan ibarət yaşayış massivinin tikintisinə başlanılması üçün hazırlıq işləri görülür. Bu yaşayış massivində hər kvartalda altımərtəbəli olmaqla 6 yaşayış binasının tikilməsi nəzərdə tutulur. Yaşayış massivində, həmçinin otelin və bir parkın inşa edilməsi layihələndirilir.

Ağdam şəhərində 15 məktəb və uşaq bağçasının inşası planlaşdırılıb. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Ağdam şəhərinin nəqliyyat infrastrukturu da əhalinin rahatlığı üçün hesablanıb. Belə ki, küçələrdə piyada, velosiped və ictimai nəqliyyat üçün zolaqlar, eləcə də elektriklə işləyən tramvay xətləri nəzərdə tutulub.

Şəhərin yaşıllaşdırılması xüsusi diqqətdə saxlanılacaq. Belə ki, burada 4 böyük meşə sahəsi, 23 ədəd şəhər parkı salınacaq. Ümumilikdə şəhərin ərazisinin 20 faizi yaşıllıqla təmin olunacaq. Bu yaşıllıq həm şəhərin ekologiyasına, həm də gözəlliyinə töhfə verəcək. Şəhərin içərisində - su kanalının keçəcəyi yerdə artıq meşə parkı salınıb.

Tarixi-mədəni irsimiz bərpa olunacaq

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus daşınmaz tarix, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.

İşğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçiriləcək. Hazırda İmarət kompleksi və Qiyaslı məscidinin restavrasiyası ilə bağlı layihələndirmə işləri aparılır. Plana əsasən Pənahəli xanın imarəti, karvansaray, hamam, türbələr, tribuna bərpa ediləcək, atlar üçün cıdır, axur və suvarma yeri yaradılacaq, əraziyə çinar və meyvə ağacları əkiləcək.

Artıq Ağdam şəhər Cümə məscidinin restavrasiyası üçün hazırlıq işlərinə başlanılıb. İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası və digər abidələrimiz bölgəni həm də turizm baxımından tanınacaq.

Mühüm infrastruktur layihələri icra edilir

Ağdam şəhərində mühüm infrastruktur layihələrinin icrasına da başlanılıb. Bunlardan biri Bərdə-Ağdam avtomobil yolunun inşasıdır. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri də intensiv şəkildə həyata keçirilir. Belə layihələrdən biri də Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulmasıdır. İşğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə inşa ediləcək Bərdə-Ağdam dəmir yolunun ümumi uzunluğu 45 kilometrdir. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu elementlərinin, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri davam etdirilir.

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən artıq hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilib. Bu yarımstansiyalarda rəqəmsal idarəetmə mərkəzi yaradılıb. Skada sisteminə qoşulub. Paralel olaraq fiberoptik kabellərin çəkilişi təmin edilib ki, bu da Ağdam şəhərinin gələcəkdə yüksəksürətli internet ilə təchiz olunmasına şərait yaradacaq.

Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək

Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafına böyük təkan verəcək, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq layihələr də icra olunacaq. Belə layihələrdən biri Ağdam Sənaye Parkıdır.

Sənaye parkında sosial sahə, İqtisadi Zonaların İnkişafı Agentliyi üçün mobilizasiya, Qida sənayesi müəssisələri, kiçik istehsal və xidmət müəssisələri, istehsal sahəsi, tikinti materiallarının satışı, TIR parkı, texnika təmiri sahəsi, texniki zona və iri sənaye müəssisələri üçün nəzərdə tutulmuş sahələr olacaq. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır.

Ağdamda yaradılacaq sənaye mərkəzində kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Yaxın zamanlarda ilk bir neçə belə müəssisənin Ağdam sənaye zonasında tikintisinə başlanılması gözlənilir.

Artıq Sənaye Parkının inşasına start verilib. İlkin olaraq Sənaye Parkında sosial sahənin tikintisi həyata keçirilib. Burada Sənaye Parkında çalışacaq fəhlə və mühəndis kollektivinin yaşayışı üçün lazımi şərait yaradılıb. Sosial sahədə inzibati bina, ofis və resurs təlim mərkəzi, bank və sığorta xidmətləri, gömrük xidməti, laboratoriya, idman və sağlamlıq mərkəzi, idman meydançası, tibb məntəqəsi, qonaq evi, köşk, kafe, bərbərxana, camaşırxana, avtopark və istirahət parkı fəaliyyət göstərəcək. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.