YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliyar Şirməmmədovun VİP sıralarından uzaqlaşması bu uğursuz siyasi təşkilatda diktatura rejiminin hökm sürdüyündən xəbər verir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Əliyar Şirməmmədov VİP sədri Əli Əliyevlə siyasi baxışlarının düzgün gəlməməsi səbəbilə Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasından və partiya üzvlüyündən istefa verib. O, istefa səbəbini partiya rəhbəri ilə əlaqələndirib və bildirib ki, hələ üç ay bundan öncə istefa ilə bağlı şifahi müraciət edib. Əliyar Şirməmmədov açıqlamasında bildirib ki, Əli Əliyev partiyanı diktatorcasına idarə etmək istəyir və buna görə də partiyanın idarəçiliyində onların sözü düzgün gəlməyib. Partiya sədri Əli Əliyevə yaxınlığı ilə seçilən və partiyanın ən aktiv fəallarından sayılan Əliyar Şirməmmədovun partiya sıralarından uzaqlaşması bu uğursuz siyasi təşkilatda işlərin yaxşı getməməsindən, Əli Əliyev və yaxın ətrafının yaratdığı diktatura rejiminin hökm sürdüyündən xəbər verir.  Son günlər partiyanın daxilində cərəyan edən hadisələr adıçəkilən təşkilatın heç də normal idarəçilik funksiyasında olmadığını bir daha sübut edir. Partiyada ara qarışıb və yaşanan gərginlik VİP-nı partiya olaraq sıradan çıxarmaq ərəfəsindədir.  Çünki, son zamanlar partiyanın daxilində yeni və ciddi narazılıq baş qaldırıb. Partiyanı şəxsi şirkəti kimi idarə edən Əli Əliyev partiya daxilində anormal mühit formalaşdırıb ki, onun yaratdığı diktatura rejimi indi bumeranq effekti verir. Vətəndaş və İnkişaf Partiyası (VİP) həm radikal mövqeyinə, həm də partiyanın sədri Əli Əliyevin diktator fəaliyyətinə görə Azərbaycan cəmiyyətində zərrə qədər də hörmət qazana bilməyib. O ki qaldı partiya ilə bağlı ən son istefa xəbərinə, proseslərin gedişi VİP-da narazılığın daha da artacağını və yeni istefalar olacağını deməyə əsas verir. Bu isə onu göstərir ki, bundan sonra partiyanın aqibəti kifayət qədər qaranlıq görünür. Beləliklə, istər istefa xəbərləri, istərsə də partiyada bu cür neqativ hadisələrin ört-basdır edilməsinə olan cəhdlər VİP-nin əsl simasını bir daha cəmiyyətə nümayiş etdirmiş oldu.