YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır

Almaz Həşimova,

YAP Füzuli rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 29 il bundan əvvəl yeni müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu.

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Çünki, tarixin ağır sınaqlarından keçmiş xalqımız əmin idi ki, cəmiyyətimizin özünəqayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Azərbaycan cəmiyyəti əslində 29 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə, böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərətəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi.

Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri göstərir. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə -iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısı olan, xalqın rifahının inkişafına xidmət edən mütərəqqi siyasi baxışı özündə cəmləyən Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Bu gün siyasi dialoqun inkişafı dövlətimizin siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.

Müasir Azərbaycan tarixinin Yeni Azərbaycan Partiyası ilə başlanan yolu böyük və davamlı inkişaf strategiyasıdır. Bu inkişaf strategiyası nəticəsində böyük nəticələr əldə olundu. Bu strategiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Bizim doğma Qarabağa qayıdışımız məhz Yeni Azərbaycan Partiyasının ətrafında yaranan milli birliyimiz və həmrəyliyimiz sayəsində mümkün oldu.

29 illik fəaliyyəti uğurlu taleyi olan Yeni Azərbaycan Partiyasının öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirən bir siyasi təşkilat olduğunun sübutudur. Qürurverici haldır ki, Yeni Azərbaycan Partiyası qələbələr, zəfərlər,uğurlar partiyasıdır.

Bu gün bütün Azərbaycan xalqı kimi biz füzulilər də nailiyyətlərimizin, zəfərlərimizin uğurlu başlanğıcını qoyan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticələrinin sevincini yaşayırıq. Çünki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində qazandığı parlaq Zəfərlə doğma Füzuli şəhərini və 61 kəndimizi işğaldan azad etdi. 30 ilə yaxın kənardan baxdığımız torpaqlarımızı görmək nəsibimiz oldu.

İndi isə erməni vandalları tərəfindən viranəyə çevrilmiş torpaqlarımızda gülüstanlar qurulur. Rayonumuzun ərazisində müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur, strateji əhəmiyyət kəsb edən dəmir yolları çəkilir, iri layihələr reallaşdırılır. Cəmi 8 aya tikilən Füzuli Beynəlxalq Hava Limanı artıq ilk sərnişinlərini qəbul edir. Bütün bu görülən işlərin sürəti və miqyası rayonumuzun, eləcə də regionun gələcək inkişafından və tərəqqisindən xəbər verməklə yanaşı dövlətimizin iqtisadi gücünün göstəricisidir.

Bizə Zəfər sevincini yaşatdığına və görülən bütün bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, partiyamızın və ölkəmizin gələcək rifahı namınə fəaliyyətində uğurlar arzulayırıq.