YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Yeni Azərbaycan Partiyası ölkəmizin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır

Milli Məclisin deputatı Məşhur Məmmədov 29 ildir Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, partiyanın uğurlarında  Lider amilinin rolu xüsusi qeyd edilir: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu  Yeni Azərbaycan Partiyası yarandığı gündən tutduğu yola sadiqliyini şözlə əməl birliyinin fonunda təsdiqləyir, Azərbaycanımızın daha da qüdrətlənməsinə, xalqımızın daha firavan yaşamasına səy göstərir, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə  ictimaiyyətin rəğbətini qazanır. Ümummilli Liderin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə partiyanın yoluna işıq salır, uğurlarının, müəyyənləşdirdiyi hədəflərin bələdçisidir. 1993-cü ildə ölkəmizin yaşadığı çətin günlərdə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, həmçinin Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu.”

M.Məmmədov qeyd edib ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə yaşadığı xaosdan, anarxiyadan, iqtisadi böhrandan, ən əsası vətəndaş müharibəsindən, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olaraq inkişaf, tərəqqi dövrünə qədəm qoydu: “Ölkəmizdə sabitliyin yaradılması digər sahələrdə mühüm addımların atılmasını şərtləndirdi.  Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm verməsi bu günümüzə hesablanmış uzaqgörən siyasətinin göstəricisi idi. Məhz son 18 ildə ölkə Prezidenti İlham Əliyevin təkmil islahatları, təsdiqlədiyi Dövlət Proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı uğurlu neft siyasətinin məntiqi nəticəsidir.  Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbacanın qarşısında yeni imkanlar açdı. İqtisadi müstəqilliyini təmin edən ölkəmiz siyasi mövqeyini möhkəmləndirmək imkanı qazandı. Bu kimi amillər məhz ötən il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdə əsas rol oynadı.”

Millət vəkili vurğulayıb ki, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının yarandığı gündən  məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 29 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, uğurlar qazanıb: “ Ötən  müddət ərzində ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində partiyamız inamlı qələbələr qazanıb. Həmçinin 29 ildə Yeni Azərbaycan Partiyasının keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu ilin 5 mart tarixində partiyanın  VII qurultayı  tamamilə fərqli ovqatda keçirildi. Bu tarixi hadisə partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Bu gün hər birimiz sevincliyik. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni dövr başlayıb. Tarixi Zəfərimiz regionda yeni reallıqlar yaradıb. Azərbaycanın bölgədə və dünyada söz sahibliyi daha da möhkəmlənib. Təbii ki, bu uğurlarımızın təməlində düzgün qurulan siyasət dayanır.  Partiyamız VII qurultayda qəbul etdiyi qərarlara söykənərək Zəfərimizin işığında daha inamla hədəflərinə doğru addımlayır.”

M.Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar  silsilə xarakter daşıyır: “Bunun ciddi əsasları mövcuddur. Ulu öndər Heydər Əliyevin ideyalarını dünənimizin, bugünümüzün və gələcəyimizin əsası kimi dəyərləndirən YAP-ın hər bir üzvü həyata keçirilən siyasətin təbliğaçısıdır. YAP ölkəmizin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev partiyanın fəaliyyətini daim yüksək qiymətləndirərək gələcəyinə böyük inam ifadə edirdi. Onun  2003-cü il 1 oktyabr tarixində Azərbaycan xalqına müraciətində də bu dəyər öz aydın ifadəsini tapmışdır. Belə ki, Ümummilli Lider  xalqa ən düzgün seçim ünvanı kimi məhz cənab  İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdir.  Son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, bu uğurların zirvəsində dayanan tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin alternativsizliyini təsdiqləyir.”