YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının yaradılması tariximizin yeni inkişaf mərhələsinin başlanğıcıdır

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən və düşdüyü ağır vəziyyətdən xilas etmək istəyən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın müdrik oğlu Heydər Əliyevə üz tutdular. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş və 91 nəfər Azərbaycan ziyalısının imzası ilə göndərilən həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət nümayəndənin təmsil olunduğu partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. O illəri böyük fərəh hissi ilə xatırlayıram. Çünki mən də Yeni Azərbaycan Partiyasının təsis konfransının iştirakçılarından biri olmuşam.

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümünü qeyd etdiyimiz bir zamanda ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası 21-ci əsrin partiyasıdır, III minilliyin partiyasıdır!” ifadəsini qürurla və fəxarətlə səsləndiririk.

Çünki ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 29 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada misli görünməmiş tarixi, siyasi və hərbi zəfərə imza atdı. Azərbaycan Ordusunun şücaəti, rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın idi işğal altında olan torpaqlarımız azad edildi. Bununla da tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü və BMT-nin kağız üzərində qalan qətnamələri icra olundu. Bütün dünya Azərbaycanda dövlət-xalq-ordu-iqtidar birliyinin ən əzəmətli və sarsılmaz nümunəsini gördü. Qarabağımızın ürəyi, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Azərbaycanın gücünün, qüdrətinin, eləcə də haqqın və ədalətin təntənəsi idi. Bu günlərdə tarixi qələbəmizin birinci ildönümünü böyük sevinc hissi ilə qeyd etdik. Bu xoşbəxtliyimiz və qürurumuz əbədi və davamlı olsun! Bizlərə bu qüruru yaşadan ümummilli lider Heydər Əliyev siyasi irsinin varisi və layiqli davamçısı, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür edir, qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı, xalqımıza xoş, firavan günlər arzu edirik.

Bizim artıq güclü dövlətimiz var - müstəqil Azərbaycan dövləti. Bu gün Heydər Əliyev siyasəti davam etdirilir və əlbəttə ki, zənginləşdirilir. Bu gün bütün guşələri nura çevrilən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır!

Azərbaycan daima yaşayacaqdır! Nə qədərki Azərbaycan var, Yeni Azərbaycan Partiyası var olacaqdır! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın Yeni Azərbaycan Partiyası!