YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO Alyans ilə tərəfdaşlığa görə Azərbaycana təşəkkür edib

Noyabrın 15-də Belçikanın Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov NATO-nun mənzil-qərargahında qurumun Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının aktual məsələləri, inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Azərbaycan-NATO tərəfdaşlığının bir sıra istiqamətləri üzrə əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına dəstəyi kontekstində NATO əməliyyatlarına töhfələri məsələsinə toxunub. Nazir Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə NATO rəsmisinə məlumat verib. Torpaqlarımızın işğalı amilinin aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu vurğulanıb.

NATO tərəfi Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katibin müavini Azərbaycana Alyans ilə tərəfdaşlığa, xüsusilə də Əfqanıstanda həyata keçirilən əməliyyatda iştirakına görə təşəkkürünü bildirib.

Tərəflər Sülh Naminə Tərəfdaşlıq Proqramının məqsəd və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və praktiki əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər.