YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Noyabrın 15-də YAP Xətai rayon təşkilatı Gəncə prospekti 13/1 və Gəncə prospekti 13/2 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

Hesabat-seçki yığıncaqlarında çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ərəfəsində olduğumuzu qeyd edərək bildirib ki, xalqın istəyi, zamanın tələbi ilə yaranan partiya fəaliyyət göstərdiyi müddətdə sözlə əməl birliyini qorumaqla, monolitliyi ilə nüfuzunu artırıb, nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi təşkilatına çevrilib: «Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Yeni Azərbaycan Partiyasının qət etdiyi 29 ilə qısa nəzər saldıqda bu reallıq özünü təsdiqləyir ki, onun irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi hər bir qərar dövlətimizin, xalqımızın gələcəyinə xidmət edir. Yeni Azərbaycan Partiyası yenilikçi partiya kimi nüfuz qazanıb. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, 2019-cu ilin sonlarında partiya ölkədə geniş vüsət alan islahatların qanunverici orqanda da öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs xalqımız tərəfindən rəğbətlə qarşılandı. Partiya, eyni zamanda, 2009-cu ildə Kostitusiyaya əlavə və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu kimi addımlar davamlılığı ilə diqqət çəkir. Məqsəd Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirmək, əhalinin yüksək rifahını təmin etməkdir. Yeni Azərbaycan Partiyasının bu ilin martında keçirilən VII qurultayı da Zəfərimizin yaratdığı yeni reallıqlara əsaslandı. Yeni qərarlar qəbul olundu, qarşıdakı dövr üçün prioritetlər müəyyənləşdi. Dövlətimizin başçısı İlham Əliyev VII qurultayda bu inamı ifadə etdi ki, YAP-ın böyük ənənələri var. YAP bundan sonra da ölkəmizdə gedən bütün uğurlu proseslərin mərkəzində olacaq.»

V.Rəhimzadə Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizdən geniş bəhs edərək yaranan reallıqların diktə etdiyi vəzifələrin icrasında partiyanın hər bir rayon və şəhər təşkilatının üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Qeyd edib ki, YAP Xətai rayon təşkilatı fəaliyyətini daha da genişləndirir, 16 mindən artıq üzvün hər biri uğurlarımıza öz töhfəsini verməyə səy göstərir.

Sonra hesabat-seçki yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Aidə Hüseynzadə Gəncə prospekti 13/1 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Zərifə Hacıyeva sədr müavini, Gülnarə Həsənova Gəncə prospekti 13/2 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Şəhla Əsgərova isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

 

DİGƏR Xəbərlər Arxiv