YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dövlətləri Təşkilatı Avrasiya geosiyasi və geoiqtisadi məkanının aparıcı gücünə çevrilməkdədir

“Bu gün 7 ölkənin və 170 milyonluq xalqın birgə formalaşdırdığı Türk Dövlətləri Təşkilatı Avrasiya geosiyasi və geoiqtisadi məkanının aparıcı qüvvəsinə çevrilməkdədir. Avrasiyada mühüm transmilli layihələrin, ticarət yollarının, karbohidrogen ehtiyatların məhz Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın payına düşməsi, Qırğızıstanın Çindən gələn, Macarıstanın da Avropaya açılan qapısı olması birliyin perspektiv inkişafının daha da sürətlənməsinə əlavə imkanlar yaratmaqdadır. Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin də həllinə real imkanlar formalaşdırmaqdadır. Bu isə təşkilatın daha da güclənməsini, bölgədə söz sahibinə çevrilməsini şərtləndirir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməsi Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə əlavə təkan oldu: “Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son verməklə, parlaq zəfər qazanmaqla Türk dünyasının coğrafi bağlantısını təmin etdi. 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atan Ermənistan son 100 il ərzində üzərinə götürdüyü Türk dünyasının coğrafi əlaqəsinə mane olmaq missiyasını başa vurdu. 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdu. Bu gün artıq bu coğrafi bağlantı bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir. Artıq Azərbaycan Şərqi Zəngəzurla Qərbi Zənguzuru birləşdirən dəmir və avtomobil yolu layihələrini reallaşdırmağa da başlayıb. Bu isə o deməkdir ki, Pekindən Londona qədər uzanan ticarət yolları məhz Türk Dövlətləri Təşkilatının üzvlərinin ərazisindən keçəcək”.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi faktı da Azərbaycan dövləti və xalqının Türk dünyasının inkişafı naminə həyata keçirdiyi bütün işlərə verilən yüksək qiymət idi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Qarabağın azad edilməsi işində göstərilən səylərə və Türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır” deməsi də təsadüf deyildi.

Ramil Vəlibəyov vurğulayıb ki, hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur da Türk Dövlətləri Təşkilatının üzvlərinin əməkdaşlıq platformasına çevrilməkdədir: “Prezident İlham Əliyevin sözləri ilə desək, bu gün Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox önəmli infrastruktur layihələrində çalışırlar. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak edib. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər. Bütün bunlarla yanaşı, Füzuli rayonunda Özbəkistanın büdcəsi vəsaiti hesabına böyük məktəb inşa ediləcək. Bir sözlə, 30 il müddətində “boz zona” kimi xarakterizə olan Qarabağ və Şərqi Zəngəzur bu gün bir çox dövlətlərin, xüsusilə də Türk dünyasının əməkdaşlıq meydanına çevrilməkdədir”.