YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Tarixi Zəfərimiz türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayır

    Milli Məclisin deputatı Əliabbas Salahzadə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin  Türk  Dünyasının Ali Ordeni ilə təltif edilməsindən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündəki çıxışında önə çəkdiyi məqamlardan geniş bəhs edərək bildirib ki, bu mükafat dövlət başçısının tarixi Zəfərimizin əsas qəhrəmanı olduğunun, həmçinin beynəlxalq aləmdə nüfuzunun təqdimatıdır:    “Tarixi Zəfərimizin əldə edilməsində Prezident İlham Əliyevin  güclü Azərbaycan dövlətinin yaradılması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti böyükdür.  Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında addımlayır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək idi. Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə, yeniləşmə ölkəmizin bütün sahələrdə davamlı inkişafa nail olmasını təmin etdi. Azərbaycan təkmil inkişaf modelini dünyaya təqdim etdi. İqtisadi və siyasi müstəqilliyin təmin olunması ölkəmizin  etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan  xarici siyasəti nəticəsində artıq bir ildir tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı.   Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət  nəticəsində  qarşıda dayanan istənilən vəzifəni yerinə yetirməyə qadir, adını tariximizə ən güclü, qüdrətli ordu kimi yazan Silahlı Qüvvələrimiz yaradıldı.”

   Əliabbas Salahzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik və diplomatik bacarığı  sayəsində Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan Ordusu dünya tarixinə yeni səhifə yazdı.

  Millət vəkili  vurğulayıb ki, Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev bu mükafatı bütün Azərbaycan xalqına verilmiş mükafat kimi dəyərləndirərək bildirdi ki, İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı. Bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək özümüzü daha da güclü hiss etdik.

    “Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin tək olmadığını dünyaya bəyan etdi” söyləyən Əliabbas Salahzadə qeyd edib ki,  türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir: “Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət  əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Türkiyə son illərdə  təkcə bölgədə deyil, dünya miqyasında söz sahibinə çevrilib.  Türkiyənin  siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bu məqamı bir daha önə çəkmişdir ki,  əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin, təməl var.”

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə  fəaliyyət göstərəcəyini önə çəkən  millət vəkili onu da əlavə edib ki,  türk dövlətlərinin işbirliyi səmimidir: “Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk dövlətlərin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Hazırda regionda həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir.  Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs gətirəcək, üzv ölkələr arasında  yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcək.  Həmçinin inteqrasiya prosesləri xalqlarımız  arasında da təmasların intensivləşməsinə səbəb olacaq.”

  Əliabbas Salahzadə  bu mühüm məqamı da qeyd edib ki, ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi tarixi bir dövrə təsadüf etmişdir: “Azərbaycan Vətən müharibəsində tarixi Zəfəri ilə türk dünyasında birliyin və həmrəyliyin  daha da gücləndirilməsində  mühüm rol oynayır. Artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq.
İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində  Türkiyənin bir çox şirkətləri fəaliyyət göstərir.  Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır.”