YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Xalqımız Zəfər Gününü böyük qürur hissi ilə qeyd edir

“Bu gün Azərbaycan xalqı şanlı Zəfər Gününü böyük qürur hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. 44 günün hər bir günü şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Ötən il noyabrın 8-də tarixi şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin işğaldan azad olunması düşməni diz çökdürdü və noyabrın 9-dan 10-a keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı”.

Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, qazanılan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı, qazilərimizin sağlamlığı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuld. Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi yeni müharibə nümunəsi dünyada böyük əks səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmağa çalışırlar.

Millət vəkilinin sözlərinə görə, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini zəruri edən bir sıra amillər var idi. Belə ki, ölkəmizin dinamik  inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində hüquqi baza rolunu oynadı. Xüsusilə, qələbənin əldə olunmasında xalqımızın cənab Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu qələbəmizi şərtləndirən amillər sırasındadır.

Həmçinin, ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhranın məngənəsindən xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən Ermənistan ordusunu darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verməsi, onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

“44 günlük Vətən müharubəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. Bu həmrəylikdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, vətəndaş  cəmiyyəti təsisatları da mühüm rol oynadılar. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə, Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. Bütün dünya bundan sonra da Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumatlandırılacaq. Eyni zamanda, Bakıdakı Hərbi Qənimətlər Parkı özündə işğalçı Ermənistan ordusunun sonunu ifadə edən bir tarix yaşadacaq”,-deyə S.Hüseynova söyləyib.

Deputat diqqətə çatdırıb ki, tarixi Zəfərimiz nəticəsində regionda yeni reallıqlar yaranıb: “Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaq. Region ölkələri arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Eyni zamanda, Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Beləliklə, Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edərək quruculuq-bərpa işləri ilə tanış olurlar. Yəni, görülən işlər dövlət rəhbərliyinin birbaşa nəzarətindədir. Ötən gün cənab Prezidentin və birinci xanımın Şuşaya səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Zəfər yolunun açılışının edilməsi, Şuşanın bərpasına xidmət edən təməllərin atılması qürurvericidir. Azərbaycan xalqı olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsini böyük ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ailələri bizlərə əmanətdir. Dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərir. Bu siyasət bundan sonra da davam edəcək. Zəfər Günümüz mübarək!”.