YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimləri keçirilib

Ağdaş rayonunda Vətən müharibəsi şəhidləri Həsənov Elvin Əlizadə oğlunun, Fərhadov Cəlaləddin Elxan oğlunun və Məmmədov Rəcəb Yolçu oğlunun ildönümü mərasimləri keçirilib. Elvin Həsənovun Ağdaş rayonunun Mürsəl kəndində, Cəlaləddin Fərhadovun Ağdaş şəhərində və Rəcəb Məmmədovun Ağdaş rayonunun Orta Ləki kəndində keçirilən ildönümü mərasimlərində Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov, YAP Ağdaş rayon təşkilatının fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış,  ruhlarına dualar oxunmuş, döyüş yolları barədə söhbət açılmış, valideyinlərinə və qohumlarına başsağlığı verilmişdir.

Qeyd edək ki, Həsənov Elvin Əlizadə oğlu 7 noyabr 1994-cü ildə Ağdaş rayonunun Mürsəl kəndində anadan olmuşdur. Vətən müharibəsi  başlayanda qismən səfərbərliklə cəbhəyə yollanan Elvin Həsənov Füzuli və Laçın istiqamətlərində döyüşlərdə iştirak edib, döyüşlərin birində şəhidlik məqamına ucalıb. Elvin Həsənov 7 noyabr 2020-ci il tarixində 26 yaşının tamam olduğu şəhid olduğu məlum olub. O, doğum günündən bir gün sonra noyabrın 8-də doğulduğu Mürsəl kəndində dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Fərhadov Cəlaləddin Elxan oğlu 1 may 2001-ci il tarixində Ağdaş şəhərində anadan olmuşdur. Cəlaləddin Fərhadov 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun baş çavuşu olan Fərhadov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xovavənd və Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 8-də Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəlib. O, noyabrın 12-də Ağdaş şəhərində dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları  ilə təltif olunmuşdur.

Məmmədov Rəcəb Yolçu oğlu 23 noyabr 1996-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuşdur. Azərbaycan Kooperasiya Universitetini 2019-cu ildə bitirən Rəcəb Məmmədov magistr təhsili almaq üçün qardaş Türkiyəyə gedib. Orada bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanır. Vətən müharibəsi  başlayanda hərbi xidmətdə olan Rəcəb Məmmədov döyüşlərdə iştirak edib, qələbəyə üç gün qalmış - noyabrın 7-də Xocavənd ərazisində düşmən snayperi tərəfindən vurulmuş, yanındakı üç əsgər yoldaşı ilə birgə şəhidlik zirvəsinə ucalmışdır. O, noyabrın 9-da Yuxarı Ləki kənd qəbiristanlığında dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

 

 

 

DİGƏR Xəbərlər Arxiv