YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

8 noyabr, 9 noyabr və 10 noyabr! Bu günləri yazanlar, yaradanlar, bizlərə bəxş edənlər var olsunlar!

Jalə ƏLİYEVA

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini,

filologiya elmləri doktoru, professor

“…Biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir…”.

Bu fikirlər ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.

Dövlət başçımız bu sözləri, bu fikirləri 8 noyabr-Zəfər Günümüzdə, Qarabağımızın dibər guşəsi olan Şuşamızda, Şuşamızın erməni işğalından azad edilməsinin birinci ildönümündə hərbçilər qarşısında çıxışında dilə gətirdi.

O hərbçilər ki, bir il öncə dişləri, dırnaqları, qanları, canları ilə 28 il 6 aylıq Şuşasızlıq həsrətimizə, nisgilimizə son qoydular.

O hərbçilər ki, Şuşa döyüşləri ilə dünya hərb tarixində, hərb elmində yeni səhifə açdılar, namümkün görünənləri mümkün etdilər.

Bəli, Şuşa uğrunda döyüşlərdə, Şuşanın azad olunması uğrunda qanlı savaşda yüzlərlə Şəhid verdik, yüzlərlə İgidimiz, Qəhrəmanımız yaralandı, Qazi oldu.

Şəhidlərimizin müqəddəs ruhları qarşısında ehtiramla baş əyir, Yaralı və Qazilərimizə Allahdan şəfa diləyirik!

Bəli, məhz Şuşanın azad olunması ilə düşmənin beli qırıldı, düşmən diz çökdürüldü və Şuşamızın murdar yağı tapdağından qurtulması tarixi Qələbəmizin, Zəfərimizin əsas açarı oldu.

Belə ki, Şuşanın azad edilməsindən cəmi iki gün sonra, noyabrın 9-dan 10-na keçən gecə 44 günlük İkinci Qarabağ Savaşı Qələbə və Zəfərimizlə başa çatdı, 32 illik Qarabağ münaqişəsinə son qoyuldu.

Odur ki, məhz belə bir gündə, 8 noyabr-Zəfər Günündə ölkə Prezidenti, Qalib Sərkərdə, Tarixi Qələbə və Zəfərimizin əsas memarı cənab İlham Əliyev ən yaxın silahdaşı-Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Şuşada olmağı, oradan növbəti dəfə bədxahlarımıza və dünyaya mesaj verməyi daha üstün tutdu.

Tarixi çıxışında Müzəffər Ali Baş Komandan bildirdi ki, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, bu vəziyyətdən onlar əbədi çıxa bilməyəcəklər. Artıq əbədi olaraq məğlubedilmiş xalq və dövlət damğası ilə yaşayacaqlar.

Qalib Sərkərdəmizin də dediyi kimi, hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi.

Amma bu ilin may ayında Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi.

Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, buradan Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir.  Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu.

“Ermənistan işğal dövründə öz ordusu haqqında, guya döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: “yenilməz Ermənistan ordusu”. Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq. İmdad diləmişdilər, diz çökmüşdülər. Bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdılar”-deyərək, Ali Baş Komandan eyni zamanda qeyd etdi ki, biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik. Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər.  Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq.

Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Ölkə Prezidentinin vurğuladığı kimi, əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir.

Bizim yumruğumuz, “Dəmir Yumruq” yerindədir!

Bəli, Zəfər Günündən sonra, 9 noyabr tarixində daha bir Qürurlu Günümüzü-Dövlət Bayrağı Gününü qeyd etdik. O bayraq ki, onun uğrunda yüzlərlə, minlərlə, on minlərlə can fəda oldu. O bayraq ki, “Bir kərə yüksələn bayraq, bir daha enməz!” tarixi kəlamını gerçək, real etdi.

113 il öncə ilk müstəqil Azərbaycanımızın ənginliklərində dalğalandırılan ay-ulduzlu, üçrəngli bayrağımız yenə də, bu gün də başımızın üstündə, Azərbaycanımızın bütün guşələrində,Qarabağımızda dalğalanmaqda, dalğalandırılmaqdadır.Bayraq hər bir millətin, hər bir xalqın, hər bir dövlətin, hər bir toplumun milli kimliyi, vizit kartı, milli simgəsidir.

O, Vətən qədər, Torpaq qədər, Ana qədər əzizdir, doğmadır. Düşmən qarşısında əyilməyən başlar məhz bayraq önündə əyilir. Biz də üçrəngli bayrağımız qarşısında baş əyir, onunla Qürurlanır, onunla Fəxr edirik. Xüsusilə də, torpaqlarımızın işğalına son qoyulmasından ötən bir il ərzində üçrəngli bayrağımızı daha ürəklə, daha şəstlə dalğalandırırıq. Zəfərimiz əbədi, bayrağımız daim Ucalardan Uca olsun!

10 noyabr isə bizim üçün  bir başqa əhəmiyyəti olan tarixi bir gündür. Yuxarıda da qeyd edildiyi kimi, düz bir il öncə, noyabrın 9-dan 10-na keçən gecə 32 illik qanlı Qarabağ münaqişəsinə son qoyuldu. Tarixi və qəvi düşməni qarşımızda diz çökdürərək, onun təslimçilik aktına, kapitulyasiyaya imza atdırdıq. “Dəmir Yumruq”la düşmənin başına elə bir zərbə vurduq ki, özünün məğlubiyyətini, bizim isə Qələbəmizi etiraf etməkdən başqa yolu, çarəsi qalmadı. Ona görə də 10 noyabr tarixinin bizim həyatımızda, taleyimizdə xüsusi bir yeri var. Və Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, 10 noyabr da yaşayacaq, var olacaq, yaddaşlara, hafizələrə əbədiyyən həkk olunacaqdır!

8 noyabr, 9 noyab və 10 noyabr!

Bir-birindən gözəl günlər, gözəl tarixlər!

Bu günləri yazanlar, yaradanlar, tarixə həkk etdirənlər var olsunlar!

Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır! Və Nida!!!