YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimizin rəmzi olan Azərbaycan bayrağı milli birliyimizin ifadəsi, qürur mənbəyimizdir

Pərvin Kərimzadə,

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

         Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Bu  günün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul etdiyi və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırıldığı günlə bağlıdır. 70 ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu öndər  Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmidi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edildi.

         Bu gün  bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən, 180-dən çox dövlətin bayraqları ilə bir sırada dalğalan Azərbaycan bayrağı Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, hər bir şəhərində əzəmətlə dalğalanır. Uğrunda qan tökülən, can verilən, mübarizə aparılan, silahdan da kəsərli olan üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin ilk qələbə müjdəsinə, milli kimliyimizin ən böyük tərənnümçüsünə çevrilib.

         Ulu öndər Heydər Əliyevin dediyi kimi "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir". Azərbaycan bayrağını müqəddəsləşdirən amallar həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Düşmənə göz dağına çevrilən Lələtəpədə qədəmləri sayalı olan bayraqlarımız durna qatarı kimi sıralanaraq 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımıza sarı qanadlandı. Sentyabr ayının 27-dən başlayaraq üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirdi. Ölkə Prezidentimizin sözləri ilə desək bayrağımız mübarizə əzmimizin, zəfər sorağımızın istiqlaliyyət salnaməmizin ilk müjdəcisi odu, bizi Vətən uğrunda müqəddəs döyüşlərə səslədi.

         Özünütəsdiq simvolu sayılan bayrağımız qalibiyyət rəmzi kimi Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Hadrutda, Xudafərin körpüsünün üstündə, Ağdamda, Kəlbəcərdə, Laçında qürurla dalğalandırıldı. “Şuşasız bizim işimiz yarımçıq qalar”, deyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə sadiq qaldı, Bayraq Günü ərəfəsində 28 il 6 ay işğalda qalan, xalqımızın mədəniyyət, ədəbiyyat beşiyinin, qədim tarixi şəhərində-Şuşada üçrəgli bayrağımızı dalğalandırdı, həm siyasi, həm hərbi, həm də diplomatik səhnədə böyük məğlubiyyətə uğratdığı azğın düşmənə bir daha yerini göstərdi. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağının həsrətlə əsl sahiblərini gözləyən işğal altında qalan torpaqlarımızda Azərbaycan bayrağı dalağalandı.