Xəbərlər
Tamilla Naibova: Müzəffər Ali Baş Komandan düşmənin başı üstündə tutduğu yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi

“Tarixi Zəfərimizin birinci ildönümünü qeyd edirik. Bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar 30 ildən sonra Zəfər Gününü qeyd etməyimizdən qürurludur, qalib ölkənin vətəndaşı olmaqları ilə fəxr edirlər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əlyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha da qüdrətləndirdi, beynəlxalq nüfuzunu artırdı, imzalar arasında imzasının olmasına nail oldu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdırıldı. 30 il dünyanın aparıcı dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlarına ədalət, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət çağırışlarını edən Azərbaycan özü işğala son qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi, ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. Zəfərimiz qürur mənbəyimizdir. Azərbaycan dövləti, xalqı işğalla heç zaman barışmayacağını ən yüksək tribunalardan bəyan edərək əsas amala-ərazi bütövlüyünün təmin olunmasına nail olmaq üçün gücləndi. Azərbaycan xalqı “İrəli!” əmrinin səbirsizliklə gözləmişdi.”
Bu fikirləri YAP Nəsimi rayon təşkilatının ADNSU üzrə ərazi partya təşkilatınn sədri, dosent Tamilla Naibova bildirib.
T.Naibova qeyd edib ki, son bir ildə dövlət başçısının qalib Prezident kimi Qarabağa çoxsaylı səfərləri bir çox mühüm hadisələrlə yadda qalmaqla yanaşı, xalqın Prezidentinə inam və məhəbbətini nümayiş etdirir: “Cənab İlham Əliyevin Prezident kimi 18 illik fəaliyyətinin 17 ili işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlıq illəri, son bir il isə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə xarakterizə olunur. Beynəlxalq aləm Azərbaycan xalqının öz müdrik Liderinin, qətiyyətli Sərkərdəsinin ətrafında sıx birləşərək 30 ilə yaxın davam edən münaqişədə erməni faşizmini məhv etdiyinin, düşmən üzərində parlaq Zəfər qazandığının, regionda yeni reallıqlar yaratdığının şahidi oldu.”
“Müharibədən sonra yeni dövr başlayıb” söyləyən Tamilla Naibova vurğulayıb ki, Qarabağın bərpası istiqamətində görülən işlərin miqyası ölçüyəgəlməzdir: “İşğaldan azad edilmiş torpaqlarımızın malik olduğu iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək üçün ”Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi, iqtisadi rayonların yeni bölgüsü aparıldı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Ölkə Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri quruculuq, yenidənqurma işlərinin sürətlə aparılmasının təsdiqidir. Səfər çərçivəsində iştirak etdiyi açılışlar, təməlqoyma mərasimləri görülən işlərin miqyasını göstərir. Təkcə Müzəffər Ali Baş Komandanın son Füzuli və Zəngilan rayonlarına səfərləri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir.”
Ərazi partiya təşkilatının sədri onu da əlavə edib ki, Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirir: “Hər zaman xalqın dəstəyinə arxalanan cənab Prezidentin xalqın dərin məhəbbəti ilə qarşılandığını görürük. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin müasir tələblər səviyyəsində bərpa edilməsini qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasını həyata keçirir. İki dost, qardaş ölkənin – Azərbaycan və Türkiyənin Prezidentləri oktyabrın 26-da “ağıllı kənd” layihəsi çərçivəsində bərpa edilən Zəngilanın Ağalı kəndlərində görülən işlərlə tanış olduqdan sonra mətbuata bəyanatlarında Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, bu, hər igidin, hər siyasətçinin işi deyil.”
Tamilla Naibova vurğulayıb ki, ən çətin məqamlarda belə dövlətin, xalqın maraqlarına uyğun qərarlar qəbul etməsi dövlət başçısı İlham Əliyevin qətiyyətli mövqeyindən, siyasi iradəsindən, liderlik fəlsəfəsindən, dövlətçilik təcrübəsinin zənginliyindən irəli gəlir. Ölkə Prezidenti düşmənin başı üstündə tutduğu yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi. Bu birlik sayəsində qazandığımız Qələbə milli varlığımızı, kimliyimizi, milli ruhumuzu yaşadır, əbədi edir. Zəfər Günün mübarək, Azərbaycan! Zəfər Günün mübarək, Azərbaycan xalqı! Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.