YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva : Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib

“Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Bilirsiniz ki, pandemyadan əvvəl ölkəmizdə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilib.

Hazırda Bakıda VIII Bakı Qlobal Forumu  keçirilməkdədir. Məlumdur ki,  Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ənənəvi platformadır. İndiyədək 7 Forum gerçəkləşib və həmin forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Forumlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Forumlarda dünyanı narahat edən aktual problemlər ətrafında geniş müzakirələr aparılır, problemlərdən çıxış yolları üçün müxtəlif fikir və təkliflər səsləndirlir. VIII Qlobal bakı Forumunun isə 2020-ci ildə keçirilməsi nəzərdə tutulsa da, mövcud vəziyyətdlə əlaqədar bu baş tutmamışdı. “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Qeyd edim ki, mövzunun aktuallığı ilə yanaşı, builki Forumun ən mühüm özəlliyi məhz Zəfər Günü bayramı öncəsi keçirilməsidir. Yeri gəlmişkən, Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinin və digər iştirakçıların Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri də planlaşdırılıb. Bu da çox təqdirəlayiq haldır.

Millət vəkilinin sözlərinə görə, Forumun mövzusunun COVİD-19 pandemiyasına həsr olunması təsadüfi deyil: “Artıq iki ildir ki, bütün bəşəriyyət bu bəla ilə üzləşib və pandemiya ilə mübarizəyə həsr olunub. Hər bir ölkə və xalq normal həyat tərzinə qayıtmaq istəyir. Bu baxımdan, Forumda pandemiyadan sonrakı həyatla bağlı düşüncələrin, səslənməsi, müzakirələrin aparılması olduqca aktualdır.

Məlumdur ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən öndəgedən ölkələri sırasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Pandemiyanın başladığı vaxtdan etibarən sistemli, qabaqlayıcı tədbirlər görülüb, əhalinin sağlamlığının qorunması ilə yanaşı sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm proqram və layihələr gerçəkləşdirib. Həmçinin ölkəmiz pandemiya ilə qlobal mübarizədə bir sıra təşəbbüslərlə çıxış edib.

Azərbaycanın pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkə kimi özünü təsdiq edib. Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etməklə yanaşı, Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən çox dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ölkəmizin beynəlxalq təşəbbüslərinin önəmini göstərir”.

S.Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb: “Dövlətimizin başçısı çıxışında pandemiya ilə mübarizə tədbirləri haqqında fikirlərini bildirməklə yanaşı İkinci Qarabağ müharibəsi haqqında da məlumat verdi. Birinci Forumdan başlayaraq bütün forumlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışılırdı. Artıq münaqişə başa çatıb. Dövlətimizin başçısı qarşıda dayan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirlərini ifadə etdi. Hesab edirəm ki, bundan sonra Azərbaycanın perspektiv inkişafı və dünyada artan nüfuzu haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq”.