YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bir Millət, İki Dövlət” siyasi fəlsəfəsinin bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfədir

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli və Zəngilan rayonlarına səfəri, Prezident İlham Əliyevlə təkbətək görüşü, birgə açıqlama və bəyanatların verilməsi, habelə strateji layihə sayılan Füzuli hava limanının açılışı və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur Dəhlizinin)  əsasının  qoyulması regionda proseslərin yeni  inkişaf xəttinin müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir.  Bakı və Ankara arasında sarsılmaz müttəfiqliyin  bariz nümunəsidir. İyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bu iki qardaş və dost ölkə  arasında strateji tərəfdaşlığın tükənməz perspektivlərini bir daha sübut etdi. Hər keçən gün biz bu müttəfiqliyin gücəndiyinin şahidi oluruq.

Tarix dəfələrlə sübut edib ki, bu ölkələr bir-birinin yanında olub və qardaşlıq dəstəyini əsirgəməyib. Vətən Müharibəsinin ilk günündən Türkiyə Azərbaycana öz siyasi və mənəvi dəstəyini nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir.  Cənab Rəcəb Tayyib Ərdoğnanın dediyi kimi, belə bir qısa müddətdə   Azərbaycanda işğaldan azad edilən bu bölgələri necə sürətlə inkişaf etdirmək hər igidin, siyasətçinin bacara biləcəyi iş deyil.   Füzuli Beynəlxalq Hava Limanı, yollar, tunellər, digər  sosial infrastruktur layihələri bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir. Önəmli məsələ  isə bu prosesin sürətlə, dinamik həyata keçirilməsi, eyni zamanda, davamlılığın  və təhlükəsizliyin təmin edilməsidir. Bu isə siyasi müdriklik, qətiyyət tələb edir. Ölkə başçısı böyük bir iradə göstərir. Qurmaq, yaratmaq, Azərbaycanı inkişaf etdirmək, bütövlüyünü təmin etmək, həmçinin bölgədə sülhün və tərəqqinin bərqərar olması üçün  verdiyi töhfə dövlətimizin humanizm və xeyirxahlığının təcəssümüdür. Həmçinin Türkiyə  Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya mesajdır. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.  Cənab İlham Əliyevin dediyi kimi, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcəkdir.  

Burada diqqəti çəkən məqamlardan biri də Türk dövlətləri arasında əməkdaşlığın artırılması və daha da gücləndirilməsidir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə həm Azərbaycan, həm də Türkiyə çox fəal iştirak edir. Ölkə başçısının iradəsi ilə 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin açılması məsələsinin öz əksini tapması,  təkcə Azərbaycan üçün deyil, həm də Türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edir.  Hətta bir çox beynəlxalq ekspertlər Vətən Müharibəsinin və 10 noyabr üç tərəfli Bəyanatın vacib uğurlarından biri kimi  Zəngəzur dəhlizinin olduğunu bildirirlər.

Bu ilin martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü zamanı cənab İlham Əliyev bu dəhlizin əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, “ qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.  Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Bu birlik, yaxınlıq illərdir bir-birindən ayrı qalan türk dövlətlərini birləşdirəcək və xüsusilə iqtisadiyyatda yeni addımlar atacaqlar. Zəngəzur dəhlizi eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq və bu imkanlardan Ermənistan da istifadə edə bilər. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da Zəngəzur dəhlizinin əhəmiyyətini qiymətləndirərkən, bu dəhlizin, ümumiyyətlə,  torpaq yollar və dəmir yolu xətlərinin təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi, mədəni imkanlar yaradacağını bildirdi: “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir”. Bu fikirlər həm də Ermənistan üçün də bir ismarışdır. Əlbəttə ki, vacib şərt  sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması məsələsidir.

Bu gün Ermənistan real vəziyyəti düzgün dəyərləndirməli və qərarlar verməlidir. Hər hansı dağıdıcı fikirləri, revanşist çağırışların, onları məhvə, uçuruma aparan havadarlarının fikirlərini deyil, daha məntiqli və erməni xalqı üçün doğru olan fikirləri əsas götürməlidir. Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Türkiyə dövlətinin başçısının səsləndirdiyi fikirlər bu mənada çox mühümdür. Ermənistanın qarşısında  qoyulan bir şərtdir: “Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək”. Artıq bir çox ekspertlər, siyasi şərhçilər də qeyd edirlər ki, Ermənistan  iqtisadiyyatını dirçəltmək istəyirsə, konstruktiv mövqe göstərməlidir. Hazırda orada iqtisadi, siyasi, demoqrafik fəlakət hökm sürür. İnsanlar kütləvi şəkildə ölkəni tərk edirlər. Ermənistanın bir dövlət kimi mövcudluğu sual altındadır. Ona görə də, ciddi düşünüb, qərar verməlidir.

Vətən müharibəsi yeni reallıq yaratdı. Yeni vəziyyət Azərbaycanın və Türkiyənin bölgədəki  nüfuzunu daha da artırdı. Uzun və şərəfli  dövlətçilik yol keçən Türkiyə bu gün dünyanın ən nüfuzlu dövlətləri sırasındadır və beynəlxalq aləmdə özünəməxsus yeri vardır.  Türkiyə və Azərbaycan həmişə bir-birinin  yanındadır. Birgə ortaq tarixi və milli-mənəvi dəyərlərimiz, sıx  dostluq və qardaşlıq  münasibətlərimiz  bizim  birliyimizin və həmrəyliyimizin  əyani nümunəsidir.

Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə  müttəfiqliyi  daha da möhkəmlənir.