YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində 44 günlük Zəfər yürüşü

Ədalət Fərəcov

YAP Veteranlar Şurasının üzvü

Son 200 ildə ermənilər Azərbaycan xalqına qarşı müharibə aparmaq, soyqırımlar törətmək üçün ölkədə yaranmış tarixi məqamlardan  həmişə riyakarlıqla istifadə ediblər. 1988-1990-cı illərdən başlayaraq Ermənistan müxtəlif bəhanələrlə  Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdü. 1990-1992-ci illərdə Azərbaycanda hadisələr özünün böhran mərhələsinə yaxınlaşırdı. Hakimiyyətdə olanlar ölkəni idarə edə bilmirdilər. Dövlətçilikdə heç bir biliyi, təcrübəsi, bacarığı olmayan siyasi partiyalar hakimiyyətə  gəlmək üçün öz aralarında şiddətli mübarizə  aparırdılar. Ölkədə yaranmış xaos vəziyyəti və Qarabağ uğrundakı döyüşlərdə uğursuzluqlar unudulmuşdu. Paytaxt Bakıda və  rayonlarda çörək qıtlığı yaranmışdı. Bəzi siyasi partiyalar özləri üçün silahlı dəstələr yaratmışdılar. Yaranmış daxili  acınacaqlı vəziyyət Qarabağ uğrunda döyüşlərdəki məğlubiyyətin əsas mənbəyinə çevrilmişdi.

O vaxtlar Heydər Əliyev Naxçıvanda Milli Məclisin sədri vəzifəsində fəaliyyət göstərirdi, lakin AXCP-Müsavat cütlüyü hər vasitə ilə Heydər Əliyevin nəinki hakimiyyətə hətta Bakıya gəlməsinə də imkan vermirdi.

1993-cü ilin iyun  ayında xalqın istəyi ilə Heydər Əliyev ikinci dəfə Respublika hakimiyyətinə qayıtdı. Fəaliyyətinin ilk günlərindən başlayaraq Heydər Əliyev Respublikada Ordu quruculuğuna xüsusi əhəmiyyət verirdi .

1994-cü il may ayında Azərbaycan və Ermənistan arasında atəşkəsə nail olundu. Bu Azərbaycan üçün ordu quruculuğu baxımından olduqca faydalı idi. Yalnız belə bir şəraitdə Azərbaycanda  müasir hərbi-texniki vasitələrdən və döyüş silahlarından istifadə edə bilmək üçün hərbi bacarıqların formalaşdırılması baxımından ordumuz  üçün ən münasib məqam yaranmışdır. Eyni zamanda 1994-cü il sentyabr ayında neft strategiyası sahəsində “Əsrin  müqaviləsi” imzalandı.  Bu da Azərbaycan Respublikasının  maliyyə imkanının yüksəlməsinin və iqtisadi müstəqilliyinin təminatçısına çevrilmişdi. Azərbaycan ordu quruculuğunu  təkmilləşdirmək, ordunun döyüş qabiliyyətini differensiasiya etmək üçün ən modern yüksək keyfiyyətli müasir döyüş  silahlarının alınmasını və orduda onlardan istifadə qaydalarının öyrənilməsini təmin etmişdi.

SSRİ-nin süqutundan  sonra  Ermənistanın Azərbaycana qarşı qəddarlığı,  soyqırım meyilləri, yeni ərazi  iddiaları daha da şiddətləndi. Dağlıq Qarabağın müxtəlif regionlarında  və ətraf regionlarda dinc əhaliyə qarşı  törətdikləri soyqırım bunların  içərisində xüsusi qəddarlığı ilə fərqlənir.  Həmin gecə Ermənistanın  hərbi  birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində dəhşətli soyqırımı törətmişlər. Bu soyqırım  yalnız Azərbaycana deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı cinayət aktivdir.

Lakin on illər ərzində dünya birliyi bu qeyri-insani  qətliamlara  göz yumdu. ATƏT-in Minsk Qrupu  fəaliyyətinin keçən 29 ilində bu məsələnin həlli istiqamətində heç bir faydalı iş  görməmiş, məsələni dondurmağa  çalışmış və Minsk qrupu səviyyəsində aparılan  danışıqlar nəticəsiz qalmışdır.

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyri şərtsiz və dərhal çıxarılması tələbi irəli sürüldüyü halda bu  sənədlər 27 il kağız üzərində qalmış və heç  bir faydası olmamışdır. Fürsətdən istifadə edən  Ermənistan tərəfi vaxtaşırı Azərbaycan sərhədlərini pozmağa cəhd göstərir, yalnız Azərbaycan ordusunun cavab atəşlərindən sonra  susmağa  məcbur olurdular. Belə güclü toqquşmalardan biri 2016-cı il  aprel ayının ikisi və dördü tarixlərində oldu. Bu döyüşlərdə Azərbaycan öz imkanlarını çox məhdud şəkildə nümayiş etdirdi. Azərbaycan Ordusu Ermənistan tərəfindən  işğal altında saxlanılan strateji cəhətdən xüsusi əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlı kəndini, 2 min hektar ərazini əks-həmlə əməliyyatı nəticəsində işğaldan azad etdi.

2016-cı il Aprel döyüşlərindən iki il sonra 2018-ci il mayın 20-27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycana qarşı Ermənistan hərbi birləşmələri növbəti münaqişə törətməyə cəhd göstərdilər. Bu vaxt Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnük kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları erməni işğalından azad olundu. Hətta aparılan həmin əməliyyatlar zamanı Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına alındı. Bütövlükdə 11 min hektar ərazini Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalından azad etdi.

Ölkə Prezidentinin süllhməramlı mövqeyinə qarşı Ermənistan tərəfi bütün hallarda hərbi və siyasi təxribat nümayiş etdirdi. Ermənistan rəhbərliyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə çıxış etdi. Amerikada Ermənistanın müdafiə nazirinin Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə beynəlxalq hüquqa hörmətsizliyin nümunəsi idi.

Bütün deyilənlərə xalqın istəyinə və ermənilərin törətdiyi hərbi təxribatlara cavab olaraq Azərbaycan Prezidenti səviyyəsində qərar qəbul olunması zərurətə çevrildi. 27 sentyabr 2020-ci il tarixdə saat 6-da ölkə prezidentinin xalqa müraciətində deyilirdi ki, bu gün səhər tezdən Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında səhər tezdən məlumat alan kimi ölkə Prezidenti Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxlayandan sonra  müvafiq göstərişlər vermiş və bu göstərişlər əsasında Azərbaycan Ordusu  geniş miqyaslı əks hücum əməliyyatına başlamışdır. İlk gündən  başlayaraq hərbi üstünlük bütün döyüş bölgələrində Azərbaycan Ordusunun tərəfində olmuşdur.  Əks-hücum əməliyyatı 44 gün ərzində zəfərlə başa çatdı.

27 sentyabrdan başlayaraq cəbhə bölgəsində  hadisələr sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər Azərbaycan Ordusu tərəfindən ələ keçirildi. Azərbaycan Ordusu  ilk gündən  düşmənin müdafiə xəttini yara bildi və bundan sonra bütün 44 gün ərzində ordumuz yalnız irəli getdi. Azərbaycan hərbçilərinin döyüş əməliyyatları düşmən üçün çox gözlənilməz olurdu.

Artıq bu tarix 44 günlük böyük Zəfərin  başlanğıcıdır. Təsadüfi deyil ki, hələ Vətən müharibəsinin ilk günlərində vətənpərvərlik istəyi 52 siyasi partiyanı bəyanat verməyə və Prezidentin ətrafında sıx birləşməyə sövq etdi. Həmin günlərdə  Azərbaycan xalqı ayağa qalxdı. Bütün bunlar milli birliyin təzahürünün təcəssümü idi. Əgər belə birlik 1990-cı illərdə də yaransa idi Azərbaycanın  Qarabağ uğrunda gedən döyüşlərdə ərazi itkisi olmazdı. Düşmən üzərində qələbə çalmaq üçün ölkənin daxilində həmrəyliyi həlledici şərtdir. Ona görə 27 sentyabr milli birliyimizin  başlanğıcı kimi Azərbaycanın ən yeni tarixinə daxil olunmuşdur. Təbii ki, milli birliyin nəticəsi dövlətin inkişafının zehni deməkdir. Ölkə Prezidentinin  daxili və xarici uğurlu siyasətinin nəticəsində xalqın birliyi və vətənpərvərliyi təmin olunmuşdu.

Vətənpərvərlik  dinamik və daim olmalı, araşdırılmalı,  müntəzəm təhlil olunmalı, qələbəmizin  məzmununu, gənclərə, bütün təhsil sisteminə  ardıcıl şəkildə çatdırılmalıdır. Bu işdə  yüksək şəxsiyyətlərin, peşəkar ziyalıların, Vətən müharibəsi  iştirakçılarının, Milli Qəhrəmanların, qazilərin, şəhid valideynlərinin imkanlarından, onların çıxışlarından xalqa, xüsusilə gənc nəslə müraciətlərindən düzgün istifadə olunur.

44 günlük müharibənin nəticələri dünyanın vəziyyətində  bir sıra yeniliklərin yaranmasına, köklü dəyişikliklərin təzahürünə səbəb olmuşdur.

27 sentyabr Azərbaycanın geniş planda əks-hücum əməliyyatından başlayaraq Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətinə, Ali Baş Komandan Prezident İlham Əliyev regionun lider dövlət  başçısına çevrilmişdi. Bütün bunlar ən zəruri məsələlər olduğu üçün hələ Vətən müharibəsinin gedişində, dünyanın düzənində ciddi dəyişilmələrin yaranması ilə nəticələndi.

Şuşada Azərbaycan-Türkiyə Bəyənnaməsi imzalandı. Milli Məclisdə daha ciddi bir sənəd öz təsdiqini tapdı: Pakistan–Azərbaycan-Türkiyə, həmçinin də göstərilən ölkələr arasında birgə hərbi təlimlərə başlanıldı. Bunlar hamısı 44 günlük müharibədə qazanılmış qələbənin nəticəsində yaranmışdı. Lakin qazanılmış qələbədən sonra hibrid müharibə forması başlanılmışdı. Hibrid müharibənin də təməli bizimlə əlaqədardır. Hibrid müharibə dedikdə, informasiya müharibəsi, texnologiya müharibəsi  və canlı qüvvənin iştirakının təmin olunması başa düşülür. Artıq dünya bu sahədə hibrid müharibənin əsaslarını Azərbaycandan  öyrənməyə üstünlük verir. Təsadüfü  deyil ki, II Qarabağ müharibəsi zamanı istifadə  olunan döyüş  taktikası dünya hərb tarixində yenilik hesab olunur və  müvafiq ali hərbi  məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının  öyrənilməsi zərurətinə üstünlük verirlər.

Ermənilərin Azərbaycan torpaqlarını işğalı nəticəsində 30 il müddətində bir  milyondan artıq azərbaycanlı əhali öz doğma yurdunu tərk etmiş, qaçqın və köçkün həyatı yaşamağa məcbur olunmuşdur. Erməni işğalı nəticəsində Azərbaycan  iqtisadiyyatı və mədəni irsi də dağıdıcı zərbəyə məruz qalmışdır.  Bu müddət ərzində işğal olunmuş ərazilərin, şəhər və kəndlərin  də infrastrukturu tamamilə məhv edilib, Azərbaycan milyard dollarla hesablana bilən maddi ziyana məruz qalıb. İşğal zamanı yalnız Azərbaycanın mülki və təsərrüfat obyektləri deyil, eyni zamanda Azərbaycanın tarixi-mədəniyyət abidələri də məhv edilmişdir.

Azərbaycan Ordusunun zəfər həmlələri qarşısında duruş gətirə bilməyən düşmən mülki  əhalini hədəfə almaqla hərbi cinayət törətməyə başladı. Müharibənin  gedişi zamanı Ermənistan tərəfi Azərbaycanın şəhərlərini ballastik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutub.  Düşmənin müharibə qanunlarına zidd olan atəşləri nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında qadınlar və uşaqlar da həlak olub. 400 nəfərdən çox mülki şəxs yaralanıb, 5 mindən artıq ev, müxtəlif təyinatlı tikili dağıdılıb. Gəncə, Bərdə, Ağdam, Naftalan, Füzuli, Goranboy, Tərtər və Mingəçevirin şəhər və kəndlərinin raket atəşinə tutulması ilə Ermənilər tərəfindən  müharibə cinayəti törədilmişdir. Müharibə zonasına aid olmayan şəhər və rayonların müxtəlif təyinatlı silah növlərindən atəşə məruz qalması təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən  kəskin qınanılmalı və müharibə cinayəti hesab olunmalıdır.

Bu gün 30 il davam edən erməni işğalından azad olunmuş Azərbaycanın bütün regionlarında abadlıq-quruculuq, tarixi abidələrin bərpası istiqamətində intensiv iş aparılır. Suqovuşan su hövzəsinin istifadəyə verilməsi, burada iki elektrik stansiyasının işə salınması, azad olunmuş  ərazilərdə 1000 km yeni yolların inşası, Zəngəzur dəhlizinin açılması barədə aparılan işlər, deyilənlərə ən yaxşı nümunələrdir. Azad olunmuş ərazilərdə yenidənqurma işlərinin yüksək səviyyədə aparılması ölkə Prezidenti İlham Əliyevin nəzarəti və qayğısı altında həyata keçirilir.

DİGƏR Xəbərlər Arxiv