YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda olan tolerantlıq, dövlət-din münasibətləri digər ölkələr üçün nümunə ola bilər

Martın 10-da Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda Şamaxı, İsmayıllı, Ağsu və Qəbələ rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Şamaxının mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə öz ehtiramlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev konfransı açaraq dövlət-din münasibətlərindən, ölkəmizdəki tolerantlıq ənənələrindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində maarifçiliyin əhəmiyyətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan islamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar zərurətdən bəhs edib.
Mübariz Qurbanlı geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı toqquşmalar məhz geosiyasi maraqlardan irəli gəlir. İslamı istəməyən qüvvələr onu siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətindən, bu sahədə maarifləndirmənin zəruriliyindən danışıb.
Konfransda bildirilib ki, Azərbaycanda olan tolerantlıq, dövlət-din münasibətləri digər ölkələr üçün də nümunə ola bilər. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək gəlib çatıb. Bu ənənənin qorunub saxlanılmasında hər kəsin, xüsusən də din xadimlərinin, ziyalıların üzərinə böyük məsuliyyət düşür.