YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlillik müayinəsi sisteminin müasir tələblərə uyğun təşkili diqqət mərkəzindədir

Martın 10-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Xaçmazda əlillik müayinəsi sisteminin müasir tələblərə uyğun təşkili məsələlərinə dair zona müşavirəsi keçirib.
Müşavirədə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının Tibbi-Sosial Ekspert komissiyalarının (TSEK), səhiyyə müəssisələrinin, həkim-məsləhət komissiyalarının rəhbər şəxsləri və əməkdaşları iştirakı ediblər.
Tədbirdə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqi ilə əlaqədar qarşıya çıxan məsələlər müzakirə olunub, əlillik müayinəsi sisteminin, o cümlədən səhiyyə müəssisələri tərəfindən TSEK-lərə göndəriş formalarının təkmilləşdirilməsi, əlillik müayinəsi nəticələrinin müvafiq beynəlxalq təsnifata uyğunlaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov iştirakçıları əhaliyə göstərilən xidmətlərin müasir tələblərə uyğun qurulması, iş mexanizmlərinin şəffaflaşdırılması istiqamətində ötən il görülən tədbirlər haqqında məlumatlandırıb, ƏƏSMN-nin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqindən danışıb. Bildirilib ki, burada əsas məqsəd tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması yolu ilə əlillik təyinatlarında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təminatıdır. Sistemin tətbiqi ilə əlaqədar əlillik müayinəsi üçün göndəriş formaları təsdiqlənib və elektron qaydada TSEK-lərə göndərilir. Hazırda qarşıda duran əsas məsələlərdən biri də həmin göndəriş formalarının tərtib olunması qaydasının təkmilləşdirilməsi, əlillik müayinələrinin nəticələrinin rəsmiləşdirilməsində xəstəliklərin beynəlxalq təsnifatından irəli gələn prinsiplərə istinad olunmasıdır.
Müşavirədə əlillik müayinəsi üçün göndəriş formalarında əsas və yanaşı diaqnozun, xəstəliyin ağırlaşması hallarının düzgün müəyyənləşdirilməsinin, eləcə də göndərişlərdə əlilliyin müəyyən edilməsi üçün daha dəqiq və obyektiv yanaşmalara imkan verən diaqnozun əksini tapması ilə bağlı fikir mübadiləsi də aparılıb.