YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bizim üçün Avropa bazarı prioritet bazardır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə birgə mətbuat konfransında Bolqarıstan-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu qeyd etmiş, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını bildirmişdir: “Bu əlaqələrin çox gözəl perspektivləri vardır. İlk növbədə, siyasi əlaqələr yüksək səviyyədədir. Biz Sizinlə mütəmadi qaydada görüşürük. Siyasi əlaqələrin güclü olması, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də görüşümüz zamanı müzakirə edilmişdir və Bolqarıstan bu əlaqələrin inkişafında çox mühüm rol oynayır.”
Dövlət başçımız qeyd etmişdir ki, əsas danışıqlar mövzusu ikitərəfli əlaqələr olmuşdur və bu sahədə biz çox müsbət nəticələri görürük. İqtisadi sahədə çox gözəl imkanlar var. Bilirəm ki, həm Bolqarıstan, həm Azərbaycan şirkətləri birgə fəaliyyət aparmaq üçün böyük səylər göstərirlər. İnvestisiya imkanları araşdırılır. Azərbaycan şirkətləri çox böyük həvəslə Bolqarıstana investisiya qoymağa hazırlaşırlar. Eyni zamanda, Bolqarıstan şirkətlərini də investorlar kimi Azərbaycanda görmək istəyərdik. Bolqarıstan şirkətləri, eyni zamanda, Azərbaycanda infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.
Nəqliyyat sahəsində gözəl imkanlar var. Bu barədə də fikir mübadiləsi aparıldı. Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanı Asiya ilə birləşdirən ölkəyə çevriləcəkdir. Təbii ki, nəqliyyat infrastrukturunun yaradılması, birgə addımlar bizim iqtisadi maraqlarımıza xidmət göstərəcək və ölkələrimizi bir-birinə daha da sıx bağlayacaqdır.
Danışıqların əsas mövzusunun energetika məsələləri olduğunu qeyd edən Prezident İlham Əliyev müzakirələrin mərkəzində “Cənub” qaz dəhlizinin icrası məsələsinin olduğunu bildirmişdir: “Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr bu gün “Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə məşğuldur və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. “Cənub” qaz dəhlizi isə, sadəcə olaraq, Avropada bu gün reallaşan ən böyük infrastruktur layihəsidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, “Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu – TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik - TAP layihəsinin tikintisi “Cənub” qaz dəhlizini formalaşdıran seqmentlərdir. Bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən ilin sentyabr ayında Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu ilin fevralında isə Bolqarıstanın energetika nazirinin iştirakı ilə Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin birgə Məşvərət Şurası keçirilmişdir.
Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyonkubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı prioritet bazardır. Azərbaycanın bu istiqamətdə təşəbbüs olaraq irəli sürdüyü layihələr Avropa qurumları tərəfindən də dəstəklənir. Əslində, keçən ay Bakıda keçirilən birinci Məşvərət Şurası işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur.”
Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, Bolqarıstan-Azərbaycan əlaqələri, eyni zamanda, “Cənub” qaz dəhlizinin digər üzvləri ilə bərabər apardığımız işlər bu layihənin vaxtında icra edilməsinə gətirib çıxaracaq və bir neçə ildən sonra böyük həcmdə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir.
Bununla bərabər, qeyd etmək istəyirəm və çox şadam ki, Bolqarıstan bu layihənin iştirakçısıdır, hazırda Azərbaycan qazını alan bir ölkədir. Amma ümid edirəm ki, gələcəkdə Azərbaycan qazını digər ölkələrə nəql edən tranzit ölkə kimi Bolqarıstan öz xidmətlərini göstərəcək və öz rolunu oynayacaq. Beləliklə, əslində, bu gün ölkələrimiz arasında uzunmüddətli strateji tərəfdaşlıq dövrü başlayır. Bu, məni çox sevindirir. Bolqarıstan bizim üçün əziz dostdur, çox yaxın ölkədir, bolqar xalqına bizim çox böyük rəğbətimiz var. Fürsətdən istifadə edərək, dünən qeyd olunan milli bayram münasibətilə Sizi, bütün Bolqarıstan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bolqarıstana yeni uğurlar arzulayıram.