YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu günkü nəsillər özlərini xoşbəxt hesab edirlər ki, onlar İlham Əliyevin Prezidenti olduğu Azərbaycan adlı bir məmləkətdə yaşayırlar

Kamilə Əliyeva

Milli Məclisin deputatı

2003 cü il oktyabrın 1-də Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Azərbaycan xalqının rifahına həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqa tarixi müraciəti oldu. Ulu öndər Heydər Əliyev  prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Ulu öndər çıxışında Azərbaycan xalqını özünün siyasi varisi, dünya siyasətini gözəl bilən, yüksək intellektli, qətiyyətli və praqmatik düşüncəli bir şəxsiyyət olan İlham Əliyevə səs verməyə çağırdı. Ulu öndər İlham Əliyevə özü qədər inandığını, İlham Əliyevi güclü siyasətçi olmaqla yanaşı dövlətini, xalqını sevən və lazım gələrsə xalq yolunda canını belə verməyə hazır olan insan olduğunu bildirmişdi. Ulu öndər bütün fəaliyyəti dövründə xalqa arxalanırdı və xalq da Heydər Əliyevə inanırdı. Xalqımız çox gözəl bilirdi ki, dövlətimizin gələcək inkişafa, vətəndaşlarımızı rifaha aparan yol Heydər Əliyev yoludur və İlham Əliyev bu siyasi kursun, bu yolun ən layiqli davamçısı olacaq. 2003 cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti, 76 faizdən çoxu, prezident seçkilərində İlham Əliyevə səs verdi. Bu Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə, böyük inama verilən səs idi. Xalqımız öz seçimində yanılmamışdı. Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini zirvələrə qaldırdı, dünyada söz sahibinə malik bir dövlətə çevirdi.

Prezident seçildiyi ilk illərdən etibarən cənab İlham Əliyev iqtisadiyyatda, səhiyyə, təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Müasir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, minlərlə məktəblər inşa edildi. Gələcək nəsillərimizin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəklərə qaldırması məqsədilə ölkəmizin demək olar ki, bütün regionlarında olimpiya idman kompleksləri inşa etdirildi.

Neft-qaz sənayesinin inkişafında cənab İlham Əliyev böyük layihələrə imza atdı. Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanıldı. Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Xəzər dənizinin Azərbaycana aid olan sektorunda "Azəri, Çıraq, Günəşli" yataqlarının birgə işlənilməsi və pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da Azərbaycan həm də dünya enerji sənayesində də həlledici rol oynadı.

Bakı-Tbilisu-Qars dəmir yol xəttinin çəkilişi də məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu dəmir yol xətti Asiya və Avropanı  birləşdirən bir nəqliyyat dəhlizi oldu. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya və geriyə milyon tonlarla yük daşınır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına nail olundu.

İlham Əliyevin güclü lider olması da sübut olunub. Prezident seçildiyi 18 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar.

Cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Bu gün regionda həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır.

30 il işğal altında olan torpaqlarımız İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində işğaldan azad edildi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olundu. İlham Əliyev ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, xalqımızın kimliyini, qürurunu özünə qaytarmış oldu. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan İlham Əliyevin yaratdığı multikulturalizm, tolerantlıq dəyərləri bütün dünyada nümunə göstərilir. İlham Əliyev Azərbaycanda yaşayan bütün millətləri bir ideya, azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan dinindən, dilindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir.

Cənab Prezident ölkənin iqtisadi potensialının artırılması yönümündə həyata keçirdiyi siyasət nəticəsində ÜDM dəfələrlə artmışdır. Bir vaxtlar neft gəlirlərindən asılı olan Azərbaycan iqtisadiyyatı bu gün qeyri-neft sektorundan gələn gəlirlər hesabına formalaşmaqdadır. İlham Əliyev Azərbaycanda "neft kapitalını" " insan kapitalına" çevrilməsinə dair strateji nəzəriyyə yaratdı. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir.  Bu sektorda ixrac potensialımız hər gün artmaqdadır.

Prezident cənab İlham Əliyevin yeritdiyi xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilmişdir.  Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridən strateji və etibarlı müttəfiq dövlət imicini qazanmışdır. Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçildi. Bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022 ci illərdə sədrlik etməsi cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.

Prezident cənab İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırır. Prezident hər zaman Ermənistanla müharibəyə hazır olmalıyıq fikrini səsləndirirdi. Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürürdü. Bu səbəbdən İlham Əliyev All Baş Komandan olaraq Azərbaycanda güclü,  müasir ordu yaratdı. Bu ordu özləri üçün " məğlubedilməz ordu" imici yaratmış erməni ordusunu 44 günə darmadağın etdi. İlham Əliyevin bacarıqlı sərkərdə olması ilə də çox qürur duyuruq.

Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.  Bu gün YAP regionda ən güclü və nüfuzlu partiyaya çevrilmişdi. YAP ın 85 yerli təşkilatı, 760 mindən çox üzvü var.  YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. Bu vətəndaşlarımızın YAPa və onun sədri cənab İlham Əliyevə olan etimadının  göstəricidir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa "Böyük Qayıdış" planı reallaşmaq üzrədir. Yaxın vaxtlarda keçmiş məcburi köçkünlərimiz də öz yurdlarına dönəcəklər. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi ilə Azərbaycan cənab İlham Əliyevin başçılığı altında daha güclü bir dövlətə çevriləcək.

Tarix kitablarında biz Azərbaycanın böyük sərkərdələri və dövlət başçıları barədə oxumuşuq. Bu gündən yazılacaq tarix kitablarında bu Zəfərin,  bu Böyük Qayıdışın müəllifi İlham Əliyev  olduğu yazılacaq. Gələcək nəsillər qürur duyacaqlar ki, Azərbaycan dövlətinin tarixin də Qalib Sərkərdə, xalqının xilaskarı, dövlətini işğaldan azad etmiş İlham Əliyev adlı bir dövlət başçısı olub. Bu günkü nəsillər özlərini xoşbəxt hesab edirlər ki, onlar İlham Əliyevin Prezidenti olduğu Azərbaycan adlı bir məmləkətdə yaşayırlar.