YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan strateji baxışı, vizyonu və faydalı təşəbbüsləri ilə ümumilikdə regionumuzun bu günü və gələcəyinə dəyərli töhfələr verən ölkədir

YAP Pirallahı yerli təşkilatının sədri

Emil Abasov

Xalqın tarixi onun həyatının unudulmayan anlarının salnaməsidir, bu anlar xalqın keçmişindən xəbər verir, taleyini müəyyən edir, gələcəyinə işıq salır. Tarixi yaradan şəxslər qüdrətli, hər şeyə qadir, xalqının taleyini dəyişdirə bilən şəxsiyyətlərdir. Azərbaycan xalqının tarixinə nəzər salsaq görərik ki, müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Lakin bu liderler arasında XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbinə həkk etmişdir.  Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Təsadüfü deyil ki, məhz o, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi. Belə ki, Ulu Öndərin 1994-cü ilin sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzaladığı "Əsrin müqaviləsi" adlandırılan ilk neft sazişi ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran, müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab olunursa, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsasları formalaşdırıldı.

Tarixçilərdən fərqli olaraq, xalq öz ekzistensional vizyonu naminə adətən geriyə yox – irəliyə baxır. Bu istiqamətdə müdrik xalqımızın Ulu Öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız cənab İlham Əliyev idi. Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, sürətlə dəyişən hadisələrin ətrafında dünya şöhrətli atasının bütün fərdi idarəçilik və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. Qürur hissi ilə qeyd edə bilərik ki, məhz möhtərəm İlham Əliyevin Ulu Öndərin əzəmətli siyasi varisi kimi Prezident seçildiyi 2003-cü ildən etibarən Azərbaycan yeniləşən, müasirləşən, demokratikləşən dövlətlərindən birinə çevrildi.

Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirdi. Ölkənin inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzlərdən birinə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla yanaşı, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırdı. 

Prezident İlham Əliyevin düşünülmüş, dərin elmi-konseptual və hərtərəfli siyasəti nəticəsində, ölkədə qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. İqtisadiyyatımızın əsas göstəriciləri onun lokomotivi olan neft-qaz sahəsindən əlavə, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. Son 18 ildə ölkəmizdə iqtisadi siyasət bütünlüklə bu sahənin şaxələndirilməsinə istiqamətlənib. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan priori­tet sahələrin reallaşdırılmasına yönəldilib. Belə ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir. Bu gün Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsindən biridir. 18 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiy­yatının həcmi 3 dəfədən çox böyümüş, hətta pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Mövcud maliyyə imkanla­rı tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupuna daxil edilmişdir.

Digər qürurverici məqam ondan ibarətdir ki, cəmi 28 il əvvəl xaos, anarxiya, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən Azərbaycan Respublikası adını kosmik dövlətlər sırasına daxil etmişdir. Ölkəmiz sahib olduğu “Azerspa­ce-1” və “Azerspace-2” telekommu­nikasiya, “Azersky” optik müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yer tutur. Azərbaycanın sahib olduğu və idarə etdiyi hər üç peyk, ilk növbədə yüksək texnologiyaların uğurlu tətbiqi ilə milli dövlətçiliyə xidmət edir. “Azerspace-1” və “Azerspace-2” peyklərinə sahib olma telekommunikasiya sahəsində digər ölkələrdən asılılığı aradan qaldırır və yerüstü infrastrukturdan kənar peyk rabitə xidmətləri təqdim edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməklə yanaşı onun hərbi qüdrətini kefiyyətcə yeni mərhələyə çatdırmışdır. Belə ki, 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə və təxminən 30 ildən sonra torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Həyata keçirilən inkişaf proqramları ilə işğalçı Ermənistan üzərində böyük üstünlüklər qazanıldı və zaman ölkəmizin xeyrinə işlədi. İşğalçılıq siyasəti üzündən getdikcə daha böyük problemlərlə üzləşən, əhalisinin böyük hissəsi ölkəni tərk etdiyindən demoqrafik böhran yaşayan, vətəndaşları səfil gününə düşən, başqa ölkələrdən asılılığı artan yoxsul Ermənistandan fərqli olaraq Azərbaycan bu illərdə dünyanın ən yüksək inkişaf dinamikasına malik ölkələrindən biri statusunu qazandı.

Məmmunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan fərqli mədəniyyətlərin, Şərq və Qərb sivilizasiyalarının təmas mərkəzi, multikulturalizm və tolerantlıq örnəyidir. Strateji baxışı, vizyonu və faydalı təşəbbüsləri ilə ümumilikdə regionumuzun  bugünü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Ümumilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş edib. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim dövlət və xalq olaraq böyük sərvətimiz, misilsiz dəyərimizdir.

Bütün bu sadaladıqlarımız 18 ildə görülən işlərin az bir hissəsini əhatə etsə də,  bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dünyanın görkəmli dövlət xadimi, ən güclü strateqlərindən biridir və Azərbaycan Respublikası onun liderliyi ilə böyük sabahlara doğru inamla addımlamaqda davam edir.

DİGƏR Xəbərlər Arxiv