YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan şəhərində şəhid Yusif Cəfərovun ailəsi ziyarət edilib

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı şəhid  Cəfərov Yusif Mübariz oğlunun ailəsini ziyarət edib.

Şəhidin anası Yusif Cəfərovun həyatı və keçdiyi döyüş yolu barədə xatirələrini bölüşüb.  25 aprel 1996-cı ildə Şirvan şəhərində anadan olan Yusifin 3 yaşında ikən atası vəfat edib. Yusif Gülbəniz xanımın gözünün ağı-qarası yeganə övladı idi. Ana övladını bütün insani keyfiyyətlərə malik, savadlı, təhsilli, cəsarətli, mərd, vətənpərvər oğul kimi böyütmüşdü. Şirvan şəhər 2 nömrəli tam orta məktəbi yaxşı qiymətlərlə bitirən Yusif elə həmin il Mingəçevir Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olub. Məzun olduqdan sonra həqiqi hərbi xidmətini ləyaqətlə yerinə yetirib. Xalqımızın neçə-neçə mərd oğulları kimi o da 2020-ci ilin sentyabrın 27-də başlanan II Qarabağ müharibəsində düşmənə qan uddurmaq üçün cəbhəyə yollanıb. Zəngilan, Qubadlı, Cəbrayıl döyüşlərində xüsusi qəhrəmanlıq nümunələri göstərib, döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Şücaətli Vətən oğlu 4 noyabr 2020-ci ildə Şirvan şəhər Şəhidlər xiyabanında izdihamla dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.

Şəhidin anası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını ifadə edib.