YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Məmməd-Quliyev: Zəngəzur dəhlizinin bölgələrarası ticarət və nəqliyyatın inkişafı üçün böyük potensialı var

Qazaxıstanın paytaxtı Nur-Sultanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin xarici işlər nazirlərinin görüşünün (hibrid formatda) gündəliyində forumun fəaliyyətinin əsas seqmentlərində etimad tədbirlərinin gücləndirilməsi kontekstində inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın AQEM-in üzv dövlətləri arasındakı ticarət, nəqliyyat və tranzit imkanlarından daha səmərəli istifadəni davam etdirəcəyini bildirib.

Sentyabrın 23-də Azərbaycanın təşəbbüsü ilə keçirilən ekspertlərin son iclasında üzv dövlətlərin, eləcə də özəl sektorun nümayəndələrinin rəqəmsallaşdırma və texnoloji nailiyyətlərin tətbiqi yolu ilə bu sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqları vurğulanıb.

44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm Zəfər nəticəsində Ermənistanla Azərbaycan arasında 30 il davam edən silahlı qarşıdurmanın Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən üçtərəfli Bəyannamənin imzalanması ilə başa çatdığı qeyd olunub.

“Üçtərəfli Bəyannamənin 9-cu bəndinə uyğun olaraq Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi münaqişədən sonrakı normallaşma üçün vacibdir. Zəngəzur dəhlizi bölgələrarası ticarət və nəqliyyatın inkişafında böyük potensiala malikdir. Bu fürsətdən istifadə edərək, biz bütün AQEM üzv dövlətlərini bu tarixi əlamətdar layihədə iştirak etməyə və onun geniş imkanlarından istifadəyə dəvət edirik”, - deyə nazir müavini deyib.

Görüşdə çıxış edənlər Asiya regionunda ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət edildiyini, mehriban qonşuluq, daxili işlərə qarışmamaq prinsipləri əsasında əməkdaşlığın qurulmasına önəm verildiyini, narkotik qaçaqmalçılığına, terror qruplaşmalarına qarşı mübarizənin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə xarici işlər nazirləri Əfqanıstanla bağlı bir neçə aspektdən ibarət geniş bəyanat yayıblar. İlk növbədə üzv dövlətlər Əfqanıstanda sülhün və iqtisadi inkişafın bərpasının bütün AQEM regionunda təhlükəsizlik və sabitlik üçün əsas məqam olduğunu ifadə ediblər.

Görüş çərçivəsində, AQEM tərkibində Müdriklər Şurasının məşvərətçi orqanının yaradılması qərara alınıb. Qazaxıstanın AQEM-ə sədrliyinin 2024-cü ilə qədər davam edəcəyi açıqlanıb.