YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

Rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və sağlam rəqabət mühitinin formalaşdırılmasının, beləliklə də qeyd olunan sahələrdə keyfiyyətin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Bununla bağlı Prezident İlham Əliyev 2021-ci il 11 oktyabr tarixli “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi hüquqi şəxslər yaradılır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin , İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılır və bu qurumların hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.