YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan şəhərində şəhid Həsən Həsənovun xatirə bulağı istifadəyə verilib

Şirvan şəhərində Şəhid Həsən Rəhim oğlu Həsənovun xatirə bulağının açılışı münasibəti ilə tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının üzvləri xatirə bulağının açılış mərasimində iştirak edib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri yaxınları, şəhər ictimaiyyəti iştirak edib. Şəhidin keçdiyi şərəfli həyat yolu vətənpərvərlik hissləri haqqında ətraflı bəhs edilib.

Qeyd olunub ki, Həsən Həsənov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Həsən Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Həsənov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Şirvan şəhərinin Şəhidlər Xiyabanında ​dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.