YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda Vətən müharibəsi şəhidinin xatirə lövhəsinin açılışı olub

“Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, Vətənin olmaq gərək” müqəddəs şüarını dilində əzbər edən, İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxan,  savaşın əsrə bərabər 44 günündə tarix yazan,  yağış, boran, qar demədən savaş meydanında düşmənə qan uddaran, 30 illik Qarabağ həsrətimizi vüsala qovuşduran polad biləkli, mübariz ruhlu igidlərimizdən biri də şəhid Vüsal Mərdan oğlu Şahmarlıdır. Şəhid Vüsal Şahmarlı gözünü qırpmadan həyatda ən şirin nemət olan canını ən müqəddəs və ali dəyər olan Vətən uğrunda fəda edərək ömrünün 24-cü ilində şəhidlik məqamına ucalıb.

Oktyabrın 11-də Vətən müharibəsi şəhidi Vüsal Şahmarlının 25-ci doğum günündə Bakının Xətai rayonundakı Məzahir Rüstəmov küçəsində  şəhidin adına ucaldılan xatirə lövhəsinin açılış mərasimi keçirilib. 

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak ediblər.

Mərasim ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycan Ordusu   böyük şücaət göstərərək 44 gün ərzində ermənilərin 30 illik  “yenilməz, qalib ordu” mifini yerlə-yeksan ediblər: “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, peşəkar zabitlərin yetişdirilməsi, hərbçilərin döyüş təcrübəsinin artırılması tarixi Zəfər qazanmağımızı şərtləndirən başlıca amillərdir.”

R.Quluyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən dərin ehtiramla yad edilir. Şəhidlər bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, hamımızın – bütün millətimizin başucalığıdır: “Ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günləri silsilə vətənpərvərlik tədbirləri ilə qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə baş çəkilir, xatirələri ehtiramla anılır. Şəhid ailələrinin üzvlərinin, müharibə iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhidlərimizin adının əbədiləşdirilməsi ilə bağlı mühüm məsələlər dövlətimizin siyasətin əsasını təşkil edir. Əsas məqsədimiz odur ki, şəhidlərimizin Vətən müharibəsindəki şücaəti, keçdikləri döyüş yolunu gələcək nəsillərin yaddaşına həkk edək. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımız əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların xatirəsi dövlətimiz tərəfindən daim uca tutulacaq və ehtiramla yad ediləcək. Allah şəhidlərimizə rəhmət eləsin, ailəsinə və yaxınlarına səbir versin. ”

Mərasimdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Vüsal qardaşımızın timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar. Onların  Vətən, torpaq, yurd sevgisi, ideyası, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Qələbəmizi təmin edən  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildiririk.”

V.Rəhimzadə vurğulayıb ki, şəhidlərimizin uyuduğu məzarlar bizim üçün ən müqəddəs məkandır, ziyarətgahdır: “Xalqımıza Qələbə sevincini yaşadan şəhidlərimizin vətənpərvərlik məktəbindən hələ neçə-neçə nəsillər bəhrələnəcək. Şəhidlərimizə olan ehtiram hər birimizin vətəndaşlıq borcumuz, həyat amalımız olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimizi bu ideyalar və prinsiplərlə böyütməliyik. Şəhidlər hər birimizin qardaşı, əzizi, eyni zamanda, Azərbaycan xalqının baş tacıdır. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə  ehtiva edən bu cür igid oğullar böyüdən valideynlərin də qarşısında baş əyirəm.”

Çıxış edən Əməkdar artist, bədii qiraətçi Azad Şükürov şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə görülən işlərə, keçirilən tədbirlərə, anım mərasimlərinə görə öz adından və mərasim iştirakçıları adından Xətai Rayon İcra Hakimiyyətinin, eləcə də YAP Xətai rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib. A.Şükürov şəhid analarına və yaxınlarına təsəlli verərək qeyd edib ki, biz bu oğulların sayəsində şərəfli anlar yaşayırıq: “Etiraf etmək lazımdır ki, şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsində iştirak edən qəhrəman övladlarımız üzərimizdəki 30 illik xəcalət tozunu siliblər. Azərbaycan Ordusunun əsgər və zabitlərinin döyüş şücaətindən bütün dünya bəhrələnir. Bununla biz hər birimiz fəxr edirik. Burada olan qazilərimizin gözünə baxıram, qəribə qürur  hissi keçirirəm. Azərbaycan Ordusu 44 günün içində adımızı, şərəfimizi, qürurumuzu bizə qaytardı. Şəhidlərimizin anım  və doğum günü fəxarətlə qeyd edirik. Körpələrimizin üzündən səadət yağır. Onlar əllərində güllər Qələbəmizin memarlarını alnıaçıq, başı dik yad etməyə gəliblər.  Şəhid valideynlərinə üzümü tuturam, başa düşürəm ki, övlad itkisi ağırdır, böyük kədərdir. Allah hər birinizə səbir versin.  Can qurban eləməyin vaxtı çatmışdı. Bizim xalqımızın igid övladları yer üzündə ən şirin  nemət olan həyatlarını Vətən yolunda qurban verdilər. Torpaqlarımızı azad etdilər . Bayraqlarımızı doğma Qarabağımızda ucaltdılar.”

Daha sonra tədbirdə şəhidin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə  və Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyevaya  minnətdarlıqlarını bildiriblər.  Göstərdikləri diqqət və qayğıya görə Xətai Rayon İcra Hakimiyyətinə, YAP Xətai rayon təşkilatının rəhbərliyinə təşəkkür ediblər. 

Mərasimdə  138 nömrəli tam orta məktəbin  şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonda şəhidin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.