YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin məzarı ziyarət edilib

Oktyabrın 8-də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, qazilər və rayon ictimaiyyətinin nümayəndələri II Fəxri xiyabanda Vətən müharibəsi şəhidi Fizuli Əliyevin məzarını ziyarət ediblər.

Mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və 2020-ci il  oktyabrın 8-də Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olan kapitan Fizuli Vidadi oğlu Əliyevin şəhidlik zirvəsinə yüksəlməsinin  ildönümü ilə bağlı onun ailə üzvlərinə, doğmalarına dərin hüznlə başsağlığı verilib.

Anım mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, hazırda dayandığımız məkan indi bütün Azərbaycan xalqı üçün ən müqəddəs yerdir: “Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Belə qəhrəman igid, vətənpərvər, torpağa, xalqına bağlı oğul böyütdüyü üçün şəhid Fizuli Əliyevin anasının əllərindən öpürəm. Qəhrəman oğul böyüdən ana həmişə onunla fəxr etməli, başını dik tutmalıdır. Çünki qəhrəman anası olmağın özü elə böyük şərəfdir. Əlbəttə, oğul itirmək şəhid ailələri üçün çox ağırdır. Amma səbirli olmaq, məğrur dayanmaq lazımdır. Bir ildir ki, Vətənimizin bütövlüyü naminə canlarından keçən cəsur oğullarımızın ailələri ilə mütəmadi əlaqə saxlayırıq. Amma o qəhrəmanların bütün Azərbaycan xalqına, dünya azərbaycanlılarına yaşatdıqları təkrarsız hisslərin - Zəfərin müqabilində bizim həmin ailələr üçün etdiklərimiz kiçik bir zərrədir. Şəhidlərimiz ölməyiblər, onlar Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar”.

Mərasimdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, həmçinin dövlət başçısının digər Sərəncamı ilə Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilən şəhid kapitan Fizuli Əliyevin anasına və doğmalarına Allahdan səbir diləyib və vurğulayıb ki, bu məzarda uyuyan qəhrəman oğul - Fizuli tək sizin oğlunuz deyil: “Burada uyuyan oğullar hamımızın oğlumuz, qardaşımız, əzizimizdir. Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan insanlardır. Əsrlər keçəcək, amma şəhidlərimiz tariximizdə, xalqımızın yaddaşında əbədi qalacaqlar. Bu oğullar Azərbaycanın yağı tapdağı altında olan torpaqlarını işğaldan azad etdilər. Şəhidlərimiz bizi ən müqəddəs amalımıza, məqsədimizə çatdırdılar. Vətən müharibəsində tarixi torpaqlarımızı canları, qanları bahasına düşmən tapdağından təmizləyən cəsur oğullarımızın qəhrəmanlıq nümunəsi  bir daha sübut etdi ki, şəhidlik uca  zirvə olmaqla yanaşı, həm də bir məktəbdir”.

Daha sonra şəhid kapitan Fizuli Əliyevin ailəsi adından çıxış edən dayısı Bəhram Şeydayev Xətai Rayon İcra Hakimiyyətinə şəhidin ailəsinə göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.

Vətən müharibəsi şəhidi Fizuli Vidadi oğlu Əliyevin ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb.

DİGƏR Xəbərlər Arxiv