YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan öz oğullarının qəhrəmanlıqlarını heç zaman unutmayacaq


Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə və rayon təşkilatının əməkdaşları şəhid Əliyev Əmirulla Vahid oğlunun doğum günü münasibəti ilə 67 saylı orta məktəb ərazi ilk partiya təşkilatında yaradılmış muzeyi ilə tanış olmuşlar.

Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Ə.Əliyevin ailə üzvlərinə səbr diləyir YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Əmirulla Əliyev 1996-cı il oktyabrın 7-də Şamaxı şəhərində anadan olub. 2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Əmirulla Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Əmirulla Əliyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. 28.09.2020-ci il tarixdə Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və heç zaman unutmayacaq.

Allah rəhmət eləsin!

 

DİGƏR Xəbərlər Arxiv