YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda şəhidlərin xatirə lövhələrinin açılış mərasimləri keçirilib

Bakının Xətai rayonunda Vətən, torpaq uğrunda canlarından keçən Azərbaycan oğullarının xatirələrinin əbədiləşdirilməsi üçün müxtəlif formatda bir sıra tədbirlər keçirilib.

Xətai rayonu Neapol küçəsi 1 ünvanında Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Firuz oğlu Əliyevin və Vətən müharibəsi şəhidi, baş leytenant  Sənan Rəhman oğlu Kərimovun, eyni zamanda, rayondakı 165 nömrəli tam orta məktəbin həyətində həmin təhsil ocağının məzunları olmuş qəhrəmanların -  Birinci Qarabağ müharibəsi şəhidi Fərrux Şimal oğlu Abbasovun, şəhidlər Əbülhəsən Balaş oğlu Eyvazovun, gizir Sübhan Mahir oğlu Abdurahmanlının, Rövşən Orxan oğlu Rüstəmovun, 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş pilot, mayor Təbriz Tariyel oğlu Musazadənin xatirə lövhələrinin açılış mərasimləri keçirilib.

Mərasimlər şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, şəhidlərin hər biri qəhrəmandır: “Onlar Vətənimiz naminə öz canlarından keçiblər. Biz bir ildir ki, bu ailələrlə mütəmadi əlaqə saxlayırıq. Şəhidlərimizin valideynləri bilsinlər ki, onlar qəhrəman böyütmüş insanlardır. Ona görə də bu gün onların ata-anaları başlarını dik tutmalıdırlar. Yalnız Vətənini sevən insan cəsur, qorxmaz oğul böyüdə bilər. Əlbəttə, oğul itirmək şəhid ailələri üçün çox ağırdır”.

Sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu gün qəhrəman, igid, yenilməz oğullarımızın abidələrinin açılışına toplaşdıqlarını diqqətə çatdıraraq qeyd edib ki, onlar öz qəhrəmanlıqları ilə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar: “Bu oğullar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycanın ən yeni tarixinin Zəfər salnaməsini yazdılar. Ölkəmizin son 500 illik tarixində belə Zəfər yaşanmamışdı. Bilirsiniz ki, igid əsgər və zabitlərimizin əlbəyaxa döyüşdə azad etdikləri Şuşada tarixdə ilk dəfə olaraq Azərbaycan və Türkiyə  dövlət başçıları birgə mühüm strateji sənəd imzaladılar. Bu, böyük bir tarixdir. Bununla da bütün dünyaya mesaj verildi ki, Azərbaycan indi istər iqtisadi, istərsə də hərbi baxımdan bölgənin ən güclü dövlətidir. Bu gün bizim iştirakımız olmadan bölgədə heç bir böyük layihə icra edilə bilməz”.

Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın bütün şəhərlərində, kəndlərində, qəsəbələrində ölkəmizin qəhrəmanlıq tarixini, Zəfər salnaməsini yazan igidlərimizin xatirəsinə ucaldılan abidələrin açılış mərasimləri keçirilir: “ Bu gün Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşərək düşmənlərimizə istənilən məqamda istənilən layiqli cavabı verməyə hazırdır. Vətənpərvər ruhda olan bütün gənclərimiz daim öz Vətənlərini o igid, qəhrəman əsgər və zabitlərimiz kimi qorumağa hazırdırlar. Hazırda abidə kompeksləri yaradılan oğullarımızın timsalında bütün şəhidlər, qazilər, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlərimiz Ali Baş Komandanın rəhbərliyi və xalqın birliyi ilə dəmir yumruğa çevrilərək Azərbaycanın 30 il ərzində işğal altında olan torpaqlarını azad ediblər. Vətən uğrunda şəhid olmağın özü çox böyük vətənpərvərlik nümunəsidir. Xalqına sevginin, dövlətinə məhəbbətin göstəricisidir. Mən bu qəhrəmanların ruhu qarşısında baş əyirəm. Belə cəsur övladlar böyütdükləri üçün onların valideynləri qarşısında baş əyirəm. Qəhrəman şəhidlərimizin valideynlər qürur hissi keçirməlidirlər. Çünki onlar vətənpərvərlik, Vətənini, dövlətini, xalqını  sevmək nümunəsini ortaya qoyan gənclər böyüdüblər”.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov da mərasimdə çıxış edərək bildiriblər ki, bundan sonrakı vəzifəmiz dövlətimizin bu birliyini qorumaqdır. Bildirilib ki, Qələbəmizə, Zəngəzur dəhlizimizə və digər uğurlarımıza uzanan əlləri kəsmək üçün dilimizdən, gözümüzdən süzülən kəlmələrin strateji olmasını, birliyimizi sübut etməliyik.

Mərasimdə şəhidlərin valideynləri çıxış edərək onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkür ediblər. Vətəni yağı tapdağından xilas etmək, əzəli torpaqlarımızı öz sahiblərinə qaytarmaq üçün canlarını fəda edən oğulları ilə fəxr etdiklərini dilə gətirən şəhidlərin valideynləri bu günün onlar üçün həm də ağrılı olduğunu qeyd ediblər.

Tədbirlərdən sonra II Fəxri xiyabanda adlarının əbədiləşdirilməsi üçün xatirə lövhələri ucaldılan şəhidlərin məzarları ziyarət olunub. Şəhidlik zirvəsinə ucalan qəhrəman Azərbaycan oğullarının məzarları üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

 Ziyarətdə, həmçinin Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, qazilər, şəhid ailələri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.