YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycan yalnız regionda deyil, bütün dünyada sülhün, inkişafın tərəfdarı kimi tanınır

«Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 2 də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində postmüharibə dövründə regionda yaranmış yeni reallıqlar və Azərbaycan dövlətinin tutduğu mövqe haqqında ətraflı məlumat verdi. Artıq Azərbaycan və Ermənistan arasında danışıqlar başlamışdır.  Danışıqlar 3 dövlətin - Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri səviyyəsində aparılır.  BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə də konstruktiv mövqelər müşahidə edilməkdədir. Prezident İlham Əliyev bugünədək  bütün çıxışlarında və müsahibələrində Azərbaycanın mövqeyini açıq şəkildə bildirmişdir. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa,  sərhədlərin delimitasiyasına və demarkasiyasına başlamağa hazırdır. Lakin təəssüflər olsun ki,  hələ ki Ermənistan tərəfindən hər hansı müsbət addım atılmayıb. Bütün bu məsələlərlə bağlı dövlət başçısı İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyə hazır olduğunu vurğulamışdır.»

   Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

     Millət vəkili vurğulayıb ki, artıq münaqişə başa çatıb: «Azərbaycanın ərazisində " Dağlıq Qarabağ " adlı ərazi vahidi mövcud deyil. Bu ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası yaradılmışdır.  Ermənistan və onun havadanları bunu qəbul etməlidirlər. Ölkə başçısı hər zaman birgəyaşayışın mümkünlüyünü də vurğulayır. Bu gün Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə 25000-ə yaxın erməni yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdırlar. Qarabağda yaşayan ermənilər Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi  qanunlarımız çərçivəsində  bütün imtiyazlardan istifadə edə bilərlər. Qarabağın status məsələsi isə müzakirə mövzusu ola bilməz.  Bununla bağlı ölkə Prezidenti  İlham Əliyev xarici və yerli KİV-lərə  müsahibələrdə dəfələrlə vurğulamışdır.»

  «Ərazilərin yenidən qurulması   və bərpası üçün mina xəritələri Azərbaycan tərəfinə təqdim edilməlidir» söyləyən Kamilə Əliyeva bildirib ki, bunun üçün beynəlxalq təşkilatlar Ermənistana ciddi təsir göstərməlidirlər. Avropa İttifaqı bu və ya digər məsələlərin həllində böyük təcrübəyə malikdir və bu işdə öz töhfəsini verə bilər.

       Milllət vəkili onu da əlavə edib ki,  Qarabağ münaqişəsinin sona çatmasında Türkiyə və Rusiyanın rolu danılmazdır: «Müharibənin ilk vaxtlarından qardaş Türkiyə hər zaman siyasi və mənəvi cəhətdən Azərbaycanın yanında oldu. Qarabağda Rusiya ilə  Türkiyə  birlikdə  Monitorinq Mərkəzi  yaradıb və bölgənin təhlükəsizliyinin təmin edilməsinə birlikdə nəzarət edirlər. Azərbaycan regionda 3+3 əməkdaşlıq prinsiplərini dəstəkləyir. Üç Cənubi Qafqaz dövlətləri ilə birlikdə Rusiya,  Türkiyə və İran region dövlətləri olaraq əməkdaşlığa və sülhə böyük töhfə verə bilər. Bununla da regionda yeni bir iqtisadi format yaranar. Bu əlaqələr bütün region dövlətlərə  iqtisadi cəhətdən böyük fayda verər.»

   «Bu gün aktual məsələlərdən biri də hərbi əsirlərin qaytarılmasıdır. Azərbaycan bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil vermişdir. Son zamanlar müharibədən sonra,  dekabr ayında Ermənistandan təxribat törətmək məqsədilə Qarabağa göndərilmiş və Azərbaycan hərbçiləri tərəfindən zərərsizləşdirilmiş 62 nəfər separatçıların da  hərbi əsir sayılmaları barədə bəzi qüvvələr tərəfindən fikirlər söylənilməkdədir. Azərbaycan tərəfi haqlı olaraq onların hərbi əsir deyil,   təxribatçı olduğunu qeyd edir»,-deyə  Kamilə Əliyeva bildirib.

    Azərbaycanın hazırda  beynəlxalq münasibətlər sistemində yeri və rolundan bəhs edən millət vəkili bu mühüm məqamı  xüsusi qeyd edib ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihənin həyat keçirilməsi mümkün deyil.  Prezident İlham Əliyevin iqtisadi-siyasi cəhətdən apardığı uğurlu siyasətin  nəticəsində Azərbaycan yalnız regionda deyil,  bütün dünyada sülhün,  inkişafın tərəfdarı kimi tanınır.