YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar nəticəsində tarixinin ən parlaq qələbəsini qazanaraq ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi

Cavid Osmanov

Milli Məclisin deputatı

30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan Vətən müharibəsi başlamamışdan bir müddət öncə çox ciddi təxribatlar törədirdi. Bu əməlləri ilə Ermənistan əslində danışıqlar prosesindən çıxdığını, hətta Azərbaycana qarşı “yeni ərazilər uğrunda yeni müharibə” sərsəm açıqlamaları ilə də çıxış edirdi.

2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədində hərbi təxribat törədərək 13 mülki şəxs və hərbçimizi qətlə yetirdi. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Daha sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər. Ötən ilin 27 sentyabrında Ermənistanın növbəti təxribatlar törətmək cəhdi isə bu ölkə üçün çox ağır  başa gəldi.

İşğala məruz qalmasına rəğmən Azərbaycan 30 il boyu münaqişənin sülh yolu ilə həll olunmasında maraqlı idi. Lakin bu müddət ərzində ölkəmiz ikili standartlar və beynəlxalq riyakarlıqla üz-üzə qaldı. Münaqişənin danışıqlar yolu ilə həll edilməsində mandat almış Minsk qrupu  münaqişənin həllindən daha çox uzadılmasında maraqlı oldu, Ermənistana vaxtında ciddi təzyiq göstərilmədi. Əgər Ermənistana vaxtında ciddi təzyiq göstərilsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmayacaqdı.

Türkiyənin Anadolu Agentliyinə müsahibəsində də Prezident İlham Əliyev beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi məsələsinə diqqət çəkib. Beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq etsəydilər,  savaşın qarşısı alına bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaq və onlar məcbur olub Azərbaycanın torpaqlarından çıxacaqdılar.

Minsk qrupunun status-kvo ilə bağlı manipulyasiyaları vasitəçilik institutunun legitimliyini sual altına qoydu. Minsk qrupuna sədrlik edən ölkələr işğal dövründə bir neçə dəfə müsbət açıqlamalar verərək status-kvonun qəbuledilməzliyini və dəyişdirilməli olduğunu bildirmişdilər. Azərbaycan bunu çox müsbət qəbul etdi. Bu, uzun illər ərzində gözlənilən bir açıqlama idi. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması demək idi. Ancaq bu açıqlamalardan sonra onlar praktiki addımlara keçmədilər. Ondan da əlavə, bir müddət sonra onlar bu ifadədən də geri çəkildilər və həmsədrlər tərəfindən yeni bir ifadə ortalığa atıldı - status-kvo dayanıqlı deyil. Zaman göstərdi ki, Minsk qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi. 30 il işğalı görməmək, işğalçıya qarşı təsir etməmək sadəcə riyakarlıqdır. Azərbaycan dəfələrlə Minsk qrupuna  müraciət edərək faktaraşdırıcı missiya göndərilməsini xahiş etmişdi. Çünki Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə Suriyadan, Livandan  erməniləri gətirərək qanunsuz olaraq məskunlaşdırırdı. Bu isə bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət hesab edilir. Lakin bununla bağlı Minsk qrupunun heç bir fəaliyyəti olmadı. Nəticədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar nəticəsində tarixinin ən parlaq qələbəsini qazanaraq ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi.

 

Müsahibələrindən birində Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasına, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın bütün dövrlərdə yüksək platformalardan Azərbaycanın haqq işinə davamlı dəstək verməsinə də diqqət çəkib. Azərbaycan Vətən müharibəsinə başladığı ilk saatlardan qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi. Bu vaxta qədər də yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsindən sonra yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması de-fakto mövcud olan əlaqələrin de-yure təsdiqi deməkdir. Regionda sülh və təhlükəsizliyin möhkəmlənməsi üçün Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün ciddi səy göstərməlidir. Bu ölkə Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etməli, delimitasiya, demarkasiya işləri aparılmalıdır. Bütün bunlar Ermənistan üçün çox vacibdir. Çünki onsuz da ağır durumda olan Ermənistanın vəziyyəti müharibədən sonra daha da ağırlaşıb.

Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşır və işğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər anlamalıdırlar ki,  xoşbəxt gələcəkləri ancaq Azərbaycan dövləti ilə bağlıdır. Cənab Prezident müsahibəsində  bildirdi ki, Azərbaycan məsuliyyətli ölkə olaraq bir daha müharibənin olmasını istəmir və ölkəmizə qarşı təhdid olmadığı təqdirdə biz müharibəyə başlamayacağıq. Ermənistan kapitulyant ölkə olaraq öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. 10 noyabr  Bəyanatını hər cəhdlə pozmağa çalışan Ermənistan bu siyasətindən əl çəkməlidir. Məlum Bəyanat bölgədə kommunikasiya vasitələri və nəqliyyat dəhlizlərinin açılmasını özündə ehtiva edir. Zəngəzur dəhlizinin açılması ilə bağlı davamlı işlər görülür. Azərbaycan bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirir. Kommunikasiyaların açılması regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək əsas amillərdəndir. Ermənistan da bu işdə maraqlı olmalıdır. Müharibə bitər-bitməz Azərbaycan azad edilmiş ərazilərin bərpasına başladı. Bu hal Azərbaycanın güclü dövlət olduğunu bir daha sübut edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı parlaq Zəfər nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın 30 illik əziyyətlərinə son qoyuldu. Ərazilər bərpa olunduqdan sonra müharibədən əvvəl orada yaşamış bütün insanlar öz doğma yurdlarına qayıdacaqlar.

Anadolu Agentliyinə müsahibəsində Prezident İlham Əliyev yeni münaqişə ocaqlarının yaradılması məqsədi güdən təxribat cəhdlərinə meyillərin olmasına da diqqət çəkib. İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi və bunun dəfələrlə təkrarlanmasını Azərbaycan-İran münasibətlərinə zərər verə biləcək hal kimi qiymətləndirən Prezident İlham Əliyev bu halların qarşısının mütləq alınmalı olduğunu qeyd edib. Təəccüb doğuran məsələlərdən biri də sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərdir. Düzdür, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Lakin ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu 30 illik dövrdə belə bir təlimlərin keçirilmədiyi halda bu gün məlum təlimlərin keçirilməsi müəyyən legitim suallar yaradır. Hər halda Azərbaycan burada da özünü çox məsuliyyətlə və təmkinlə aparır. Təbii ki, bu kimi məsələlərdə anti-Azərbaycan dairələr və erməni lobbisi maraqlıdır. 

Ümumiyyətlə, Azərbaycan regionda sülh və tətəhlükəsizliyin möhkəmlənməsində maraqlıdr, bunun üçün də Vətən müharibəsi bitdikdən dərhal sonra əməli-praktiki  işlər həyata keçirilərək yeni əməkdaşlıq platformaları irəli sürülmüşdür.

Eyni zamanda ölkəmizə, ərazi bütövlüyümüzə, xalqımıza qarşı hər hansı bir təhdid yaranarsa Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bunun qarşısını almağa hazırdır və qadirdir.