YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkinci Qarabağ müharibəsi tarixi qələbəmizdir

İlqar Quliyev,

YAP Gənclər Birliyinin üzvü

Əsrlər boyu öz çirkin niyyətlərindən əl çəkməyən Ermənistan növbəti dəfə 2020-ci ilin iyul ayında sülh danışıqlarını pozmağa, təmas xəttində tez-tez təxribatlara əl atmağa, mülki əhaliyə qarşı atəş açmağa başladı. Ermənistanın bu təxribatları sülhün, əmin-amanlığın tərəfdarı olan dövlətimizə və xalqımıza hərb yolundan başqa bir yol qoymadı. Neçə illərdir prezident Ali Baş Komandan İlham Əliyev çıxış və müsahibələrində açıq-aydın bildirmişdir ki, sülh danışıqları heç bir nəticə verməsə biz öz torpaqlarımızı nəyin bahasına olursa olsun işğaldan azad edəcəyik. Bir tərəfdən mənfur düşmənin təxribatları və iftiraları, digər tərəfdən isə ATƏT-in Minsk Qrupunun 30 il müddətində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi dövlətimizin haqlı mübarizəsinə başlamasına səbəb oldu. Bununla da, 27 sentyabrda “Qarabağ Azərbaycandır!” şüarını özünə rəhbər tutan əsgər və zabitlərimiz Ali Baş Komandanın hər əmrinə müntəzirik deyərək, əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan bu müharibə 8 noyabr tarixində dövlətimizin, xalqımızın zəfəri ilə başa çatdı. Bu gün xeyrin şər üzərində qələbəsi, ədalətin bərpasının təntənəsi idi. Əlbəttə ki, düşmən üzərində qazanılan qələbəmizin, uğurlarımızın ən başlıca səbəbi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət, güclü ordu quruculuğu, güclü dövlət, milli birlik və döyüşçülərimizin yüksək əhval-ruhiyyəsi olmuşdur. Hər zaman ordu quruculuğuna yüksək diqqət göstərən cənab prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə toxunaraq qeyd etmişdir ki, “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını vicdanla, cəsarətlə yerinə yetirir. Bunun nəticəsidir ki, Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı”. Bəli, cənab prezident, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan ordu quruculuğu və güclü dövlət siyasəti nəinki düşmənə, bütün dünyaya dövlətimizin lazım gəldikdə öz haqqı və ədalətin bərpası üçün böyük bir gücə qadir olduğunu göstərməklə yanaşı, 30 ildir yalnız kağız üzəridə qalan BMT-nin 4 qətnaməsini 44 günlük Vətən Müharibəsində bərpa etdi. Bu, eyni zamanda, ermənipərəst mövqe göstərən dövlətlərin haqq və ədalətin bərpasında maraqlarının olmadığını sübut edirdi. Biz bunu 44 günlük Vətən Müharibəsi dövründə xristianlıq amilini əsas tutaraq, ermənipərəst mövqe göstərən xarici medianın qərəzli mövqeyindən də görürdük. Onlar cənab prezidentlə müsahibələri zamanı yalan və qərəzlərlə dolu suallar verir və bununla da, əsl üzlərini göstərirdilər. Əlbəttə ki, cənab prezidentin yüksək intellekti, siyasi, tarixi və diplomatik savadı verilən hər qərəzli sualda özünü göstərir, onları aciz qoyurdu. Bütün dünya bir daha şahid oldu ki, güclü Azərbaycan ordusunun, Azərbaycan xalqının eyni anda bir neçə dildə 30-dan çox mediaya fakt və sübutlarla cavab verərək, onları susduran Ali Baş Komandanı, sərkərdəsi, lideri var.

44 günlük Vətən Müharibəsi eyni zamanda, “yenilməz Ermənistan ordusu” mifologiyasını darmadağın etdi. Cənab prezidentimizin dediyi kimi, “biz erməni ordusunu yenilməz ordu kimi təqdim edən mifologiyaya son qoyduq”. II Qarabağ müharibəsi bizim tarixi zəfərimizdir. Buna bənzər qələbə olmamışdır. Əsrlər boyu yalnız torpaq itkisi ilə üzləşən dövlətimiz 200 illik tarix ərzində ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytardı. Bununla da, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, ordumuz isə qalib ordu olaraq tarixə düşdü.

Vətən Müharibəsi düşmən dövlətdən fərqli olaraq xalq və dövlət birliyinin əyani sübutu idi. Azərbaycan xalqı müharibə başlayan gündən öz prezidentinə, könüllü olaraq müraciət edərək vətənin müdafiəsi üçün Ali Baş Komandanın hər an əmrinə hazır olduqlarını göstərdi. Ali Baş Komandanın hərbi səfərbərlik çağırışına on minlərlə vətəndaşımız çağırış məntəqələrinə axın edərək cavab verdi. Qeyd edim ki, axın edənlərin əksəriyyəti gənclər idi. Çıxışlarının birində bu məsələyə toxunan cənab prezident qeyd etmişdir ki, “Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”.

Vətənpərvərlik xalqımızı səciyyələndirən ən yüksək keyfiyyətlərdən biri olmuşdur. Xalqımız dövlətinə, vətəninə olan sevgisini müharibə dövründə istər ön cəbhədə, istərsə də, arxa cəbhədə göstərdiyi fədakarlıqla, birliklə bütün dünyaya sübut etdi. Azərbaycan xalqı göstərdi ki, biz birlikdə güclüyük. Əlbəttə ki, qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Bəli, Azərbaycan xalqı öz əsgər və zabitlərinə istər mənəvi, istərsə də maddi dayaq oldu. Xalqımızın bu birliyi dövlətimizin sarsılmazlığının və gücünün təcəssümü idi.

Təəssüflər olsun ki, müharibənin ən ağır şərtlərindən biri itkilərimizin, yaralılarımızın olması idi. Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüz uğrunda gözünü qırpmadan döyüşən igidlərimiz canları, qanları bahasına qəhrəmanlıq dastanı yazdılar-şəhid oldular, qazi oldular. İgidlərimizin bu qəhrəmanlıqları bütün dünyanı heyrətə gətirdi. Öz ata-baba torpaqlarını düşmən tapdağından azad etmək üçün haqlı və ədalətli döyüş yolu keçən, canı, qanı bahasına xalqımıza zəfər bəxş edən şəhid və qazilərimizi xalqımız daim xatırlayacaqdır. Bizlər vətən uğrunda canından keçən şəhidlərimizə, öz sağlamlığını itirən qazilərimizə hər zaman borcluyuq. Şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına bizlərə əmanət etdiyi vətənimizi, dövlətimizi qorumaq üçün hər daim canımızdan keçməyə hazır olmalı, şəhidərimizin bizə əmanət etdiyi yadigarlarına hörmətlə, ehtiramla yanaşmalı, qazilərimizə sevgi və qayğımızı əsirgəməməliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz ədaləti bərpa etdik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!