YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Azərbaycandakı səfiri Masazırda məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olub

Martın 3-də Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov müşayiət edib.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov türkiyəli diplomata məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat verib. O, Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək səviyyəli təhsil almaq üçün hər cür imkan var.
Sonra diplomat məktəbin kompyuter otağına baxıb, tədris prosesi və Zəngilan rayonunun ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb. O, həmçinin məhəllədə tikilmiş və lazımı avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olub, burada balacaların ifasında rəqslərə baxıb.
Səfir məhəllədə məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanıb. Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evinə baş çəkən diplomat onunla söhbət edib.
Jurnalistlərlə təəssüratlarını bölüşən İsmail Alper Coşkun bildirib ki, Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradıb. Elə bu məhəllədə görülən işlər də bunu sübut edir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu insanlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Diplomat deyib: “Burada Dağlıq Qarabağ münaqişəsinin həllinin nə qədər vacib məsələ olduğunu bir daha hiss etdim. Arzu edirik ki, Azərbaycan torpaqlarının işğalına son qoyulsun, insanlar gələcəyə sülh, xoşbəxtlik içərisində getsinlər”.