YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanda Anım Günü qeyd olunub

Ölkəmizin Pakistandakı səfirliyində 27 sentyabr - Anım Günü münasibətilə rəsmi tədbir keçirilib.

Tədbirdə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani, bu ölkənin müdafiə istehsalı naziri Zubeyda Cəlal, Senat sədrinin müavini Mirzə Məhəmməd Afridi, Senatda və Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq qruplarının rəhbərləri Məhəmməd Talha Mahmud və Murtaza Cavid Abbasi, senatorlar, deputatlar, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri, KİV nümayəndələri, eləcə də xarici ölkələrin Pakistandakı bir sıra səfiri iştirak edib.

Azərbaycanın və Pakistanın Dövlət himnləri səsləndikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 44 günlük Vətən müharibəsini, ölkə rəhbərimiz Prezident İlham Əliyevin xalqa müraciətlərini, eləcə də Azərbaycan xalqının qələbə sevincini əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov qonaqları salamlayıb, ölkəmizdə sentyabrın 27-nin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Anım Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb, İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Azərbaycan əsgər və zabitlərinin dərin hörmət və ehtiramla yad edildiyini bildirib. Səfir bir il bundan əvvəl bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladığını, bu tədbirlərin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildiyini bildirib. 44 günlük Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyduğunu bildirən X.Fərhadov Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğunu və ölkəmizin təkbaşına BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdiyini xüsusi vurğulayıb.

Səfir Azərbaycanın ərazilərinin işğalına son qoymasının bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxardığını bildirərək bu qeyri-qanuni fəaliyyətlərə kütləvi şəkildə minaların basdırılması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, o cümlədən məscid və müqəddəs yerlərin təhqir olunması, təbii ehtiyatların talan, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntularının daxil olduğunu deyib. Diplomat hazırda Azərbaycan hökumətinin azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirdiyini, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşü üçün ardıcıl addımlar atdığını və bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər gördüyünü iştirakçıların diqqətinə çatdırıb.

Hökumətimizin bərpa və yenidənqurma işlərindən ətraflı bəhs edən səfir Füzuli beynəlxalq hava limanının qısa zamanda istifadəyə verildiyini xüsusi vurğulayıb. Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyinin dost və qardaş ölkələr tərəfindən dəstəkləndiyini ifadə edən X.Fərhadov qardaş Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyinin ilk gündən hiss edildiyini söyləyib.

Səfir Pakistan Senatının, Milli Assambleyasının Ermənistanın Azərbaycana qarşı təcavüzünü, işğalçılıq siyasətini pisləyən, ölkəmizin haqlı mövqeyini dəstəkləyən qətnamələr qəbul etdiyini vurğulayaraq Vətən müharibəsi zamanı ölkəmizə göstərilmiş dəstəyə görə Pakistan hökumətinə, Senatına, Milli Assambleyasına və xalqına dərin təşəkkürünü bildirib.

Diplomat çıxışında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyini də diqqətə çatdırıb.

Məhəmməd Sadiq Sancrani Azərbaycan və Pakistan arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açıb və Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyib. O, iki qardaş ölkənin həm ikitərəfli, həm də beynəlxalq müstəvidə hər zaman bir-birini dəstəklədiyini bildirərək son zamanlarda Azərbaycan-Pakistan arasında baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluğunu ifadə edib. Senatın sədri 44 günlük Vətən müharibəsinin başlanmasının birinci ildönümünün qeyd olunduğunu söyləyib və bu ölkənin hər zaman qardaş Azərbaycanın yanında olacağını bildirib. İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Azərbaycan əsgər və zabitlərini dərin hörmət və ehtiramla yad etdiyini bildirən Məhəmməd Sadiq Sancrani öz torpaqlarını Ermənistan işğalından azad etməsi münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib.

Senatın sədri Pakistanın Ermənistanın təcavüzünü və işğalçılıq siyasətini qəti şəkildə pislədiyini bəyan edərək Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və ölkəmizin yanında olduğunu diqqətə çatdırıb. O, işğaldan azad olunmuş ərazilərdə Pakistanın yenidənqurma və bərpa işlərində Azərbaycanla sıx əməkdaşlıq edəcəyini də vurğulayıb.

M.S.Sancrani Azərbaycanın Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevə və igid Azərbaycan xalqına xoş arzularını çatdıran Senatın sədri xalqlarımızın və regionumuzun rifahı üçün Azərbaycan və Pakistanın bundan sonra da birlikdə çalışacağını əminliklə ifadə edib.

Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycanın 20 faiz torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığını qeyd edib və beynəlxalq ictimaiyyətin bu haqsızlığa göz yumduğunu təəssüf hissi ilə bildirib. 44 günlük müharibədən bəhs edən səfir BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən yerinə yetirildiyini vurğulayıb, Türkiyə və Pakistanın hər zaman qardaş Azərbaycan xalqının yanında olacağını diqqətə çatdıraraq qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib.

Tədbir boyu Azərbaycanın Vətən müharibəsini, ölkə başçımızın bu dövrdəki çıxışlarını, Azərbaycan xalqının 3 qardaş ölkənin bayraqları ilə qələbə sevincini qeyd etməsini, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərini, eləcə də Şuşada keçirilmiş mədəni tədbirləri əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub.