YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəxsiyyətinə sahib çıxmayan cəmiyyətə yol göstərə bilməz

Bəxtiyar SADIQOV,

Milli Məclisin deputatı,

“Azərbaycan” qəzetinin baş redaktoru

Tariximizin olduqca şərəfli dövrünü yaşayırıq. İndi biz müharibədə qalib gəlmiş, güc yolu ilə torpaqlarını azad etmiş müzəffər bir xalqın nümayəndələriyik. Məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürülüb. Vətən müharibəsindəki Qələbə həm də bir daha Azərbaycan xalqının həmrəyliyini, cəmiyyətin bütün sağlam siyasi qüvvələrinin dövlətçilik məfkurəsi ətrafında birləşmələrinin təcəssümüdür.

Bu Qələbəyə sevinməyənlərə də rast gəldik. Amma cəmiyyətin zərrəcə rəğbətini qazana bilməyən məlum siyasi qaragüruhun müharibə və ondan sonrakı dövrdə ortaya qoyduğu mövqe heç birimizdə qətiyyən təəccüb doğurmadı. Çünki indiyədək onlardan normal, dövlətin və xalqın mənafelərinə cavab verən sağlam münasibət görməmişik Əksinə, dövlətin milli maraqlarının tapdalanması, hakimiyyətin siyasi kursuna kölgə salmaq cəhdi, Azərbaycana qarşı əks mövqedə dayanmış xarici siyasi dairələrlə əməkdaşlıq edilməsi bu üzdəniraq qaragüruhun fəaliyyətində həmişə prioritet olub.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin bu günlərdə internet resursları üzərindən verdiyi açıqlamalar da bunu təsdiq edir. Siyasətdə əqidəsizliyin və buqələmunluğun nümunələrini yaradan bu adam ağa qara deməklə, ölkənin uğurlarına kölgə salmaqla, inkarçı mövqedə dayanmaqla tək özünün deyil, təmsil etdiyi siyasi qaragüruhun simasını bir daha ortaya qoydu.

Amma bir məsələ də var ki, nəinki ictimai-siyasi, hətta şəxsi həyatı mənəviyyatsızlıqla zəngin olan birisindən yaxşı nəsə gözləmək də olmaz!  Həqiqət budur ki, Əli Əliyev AMİP sədri vəzifəsinə seçiləndən sonra partiyanı öz şəxsi məqsədləri üçün istifadəyə yönəltməyə cəhd göstərdiyinə, pozuculuq fəaliyyətinə görə partiyanın sədrliyindən və üzvlüyünlən qovulub. Onun mənəviyyatsızlığını və əxlaqsızlığını isə keçmiş silahdaşları açıqlayıblar. İndi bu adam ora-bura açıqlamalarında mənəviyyatdan, əxlaqdan dəm vurur. Təmsil olunduğu partiyaya qarşı münasibətdə xəyanət yolu seçən, övladlarından imtina edən birisinin hər nədən danışırsa-danışsın, haqq-ədalətdən, əxlaqdan danışmağa haqqı çatmır.

Əli Əliyev Azərbaycan Tibb Universitetini bitirib. Amma ömrü boyu həkim ola bilməyib. Bəlkə də elə buna görə özünü siyasətdə sınamaq qərarına gəlib. Amma bu dəfə daha pis alınıb.  Əqidəsizliyi də göstərir ki, siyasət ümumiyyətlə onluq deyil!  Məsələn, bu adam zəfəranı neftə alternativ hesab edir və düşünür ki, təkcə zəfəranla 100 milyonlar qazanmaq olar. Bilmirsən güləsən, yoxsa ağlayasan! Allah eləməmiş belə birisi hakimiyyətdə olsa, bu ölkənin axırı hara gedər? Azərbaycan reallığında AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti buna nümunə sayıla bilər.

Vətəndaş və İnkişaf adlı partiyanı yaratdıqdan sonra bu adam AXCP sədri Əli Kərimlinin sırasında yer alıb. Necə deyərlər, su axıb çuxurunu tapıb. Ona görə hər fürsətdə diqqəti özünə cəlb etmək üçün müxtəlif şoular yaradır, məzhəkələr qurur. Sosial şəbəkələrdə elə yalanlar-palanlar uydurub, iddialar səsləndirir ki... Adama deyərlər ki, sən əvvəl özünə, əməllərinə bax, gör kimsən, nə mənəviyyat sahibisən, sonra başqalarında nöqsan axtar! Ə.Əliyev üçün müqəddəs deyilən bir məfhum yoxdur! Gündəmdə qalmaq üçün hər yola əl ata bilər. Amma ləkəli reputasiya ilə çətin uzağa getsin.