YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir

Son 18 ildə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Bunu AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O bildirib ki, Azərbaycan əvvəlki illərdə olduğu kimi, cari ilin ötən aylarında da Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib, respublikamız öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların dövlətimizin başçısının ətrafında sıx birləşməsini gerçəkləşdirib. Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşdırılan mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib.

Hazırda ölkəmizdə mövcud biznes mühiti, siyasi və makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir. Bu baxımdan respublikamızda hər bir vətəndaşın, sahibkarlığa meyilli hər bir şəxsin öz potensialını reallaşdırması üçün əlverişli şərait yaradılır. Bu gün yalnız iş yeri tapmaq deyil, eləcə də iş yeri yaratmağa çalışan hər bir vətəndaşa dövlət tərəfindən bir sıra tədbirlər vasitəsilə müvafiq qanunvericiliyin tətbiqi yolu ilə dəstək verilir.

Emin Bağırov daha sonra deyib: “Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına daim həssaslıqla yanaşılır. Ayrı-ayrı proqramların icrası zamanı da bu məsələ xüsusi diqqətdə saxlanılır. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması isə iş yerlərinin yaradılması prosesini sürətləndirir”.

Emin Bağırovun sözlərinə görə, yeni iş yerlərinin yaradılmasını şərtləndirən müəssisələrin açılması cari ilin ötən aylarında prioritet istiqamət olub. Məhz bunun nəticəsidir ki, birinci rüb ərzində respublikada 2833 yeni müəssisə və təşkilat yaradılıb ki, bunun da 77,8 faizi paytaxtın, qalanları digər iqtisadi rayonların payına düşüb. Bunun nəticəsində isə ölkə üzrə 13 min 181 yeni iş yeri açılıb. Onların 10,9 faizi yeni, 85,5 faizi mövcud, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 3,2 faizi isə digər tədbirlər üzrə yaradılıb. Yeni iş yerlərinin 79,9 faizi Bakı şəhərinə aid olub.

Sosial dövlət olan Azərbaycanda özünüməşğulluğun təmin olunmasına da mühüm önəm verilir. Ayrı-ayrı proqramların icrası zamanı bu məsələ xüsusi diqqətdə saxlanılır. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması da özünüməşğulluğun gerçəkləşməsi prosesini sürətləndirir.

Hazırda respublikada qeyri-formal məşğulluğun qarşısının alınması və əmək münasibətlərinin leqallaşdırılması nəticəsində əmək müqavilələrinin sayı son 3 ildə 30 faiz və ya 400 min artıb.

Azərbaycanda son illərdə əmək, məşğulluq və sosial müdafiə sektorunda reallaşdırılan layihələr, habelə “Məşğulluq haqqında” Qanunun qəbul edilməsi, “İşsizlikdən sığorta haqqında” Qanunun qüvvəyə minməsi, İşsizlikdən Sığorta Fondunun yaradılması, işçilərin və işəgötürənlərin formal məşğulluğa marağının artırılması məqsədilə vergi və sosial sığorta sahəsində islahatların dəstəklənməsi məqsədilə qanunvericilikdə zəruri dəyişikliklər aparılması, eyni zamanda, e-texnologiyaların bu sahədə geniş tətbiqi müsbət nəticələrlə müşahidə olunub.

Özünüməşğulluq proqramı çərçivəsində çox sayda əlilliyi olan şəxs öz ailə təsərrüfatını yaradıb. Həmin şəxslərin əmək bazarına və kiçik biznesə çıxış imkanları artırılıb, onlar üçün xüsusiləşdirilmiş peşəyönümü testlər, müasir modul təlim proqramları və peşə standartlarının hazırlanması məqsədilə layihələr reallaşdırılıb.

Pandemiya şəraitində əhalinin sosial rifahının qorunması daha əhəmiyyətli bir məsələ kimi önə çıxıb. Buna görə də Azərbaycan sosial dövlət olaraq bu sahəyə xüsusi önəm verib. Belə ki, 4,8 milyon insanın maddi durumunu yaxşılaşdırmaq məqsədi daşıyan sosial tədbirlər iş yerlərinin qorunmasını, işsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılmasını, özünüməşğulluğun, habelə sosial layihələrin əhatə dairəsinin genişləndirilməsini özündə ehtiva edib.

Emin Bağırov açıqlamasının sonunda bildirib ki, iş yerlərinin yaradılması, özünüməşğulluğun təmin olunması ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib. Eyni zamanda, Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar nəticəsində əmək qanunvericiliyi beynəlxalq əmək normalarına uyğunlaşdırılıb, əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində uğurlu nəticələr əldə olunub.

İş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri olan regionların tarazlı və davamlı inkişafı müsbət təsir göstərir. Xatırladaq ki, artıq 2019-cu ildən başlayaraq, dördüncü regional Dövlət Proqramı uğurla icra edilir. Bundan əvvəlki üç Dövlət Proqramı da əhalinin sosial şəraitinin yüksəlməsində, iş yerlərinin açılmasında, özünüməşğulluğun təmin olunmasında önəmli rol oynayıb, eyni zamanda, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişib.