YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan mətbuatı: Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşən 4000-dək azərbaycanlının taleyi məlum deyil

30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü və Azərbaycanın itkin düşmüş və əsir götürülmüş vətəndaşlarının taleləri barədə Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən “24 Часа”, “Труд”, “Стандарт”, “Kircaali Haber” qəzetləri, həmçinin “Fokus” və “Cross” xəbər agentliklərinin internet səhifələrində silsilə məqalələr yayımlanıb.

Ölkəmizin Bolqarıstandakı səfirliyindən bildiriblər ki, “30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü”, “Azərbaycanın itkin düşmüş və əsir götürülmüş vətəndaşlarının taleləri”, “30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü: Azərbaycanın itkin düşmüş və əsir götürülmüş vətəndaşlarının taleləri”, “30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günündə Azərbaycan səfirliyi itkin düşmüş və əsir götürülmüş vətəndaşlarını anır”, “Qarabağ müharibəsində 4000 azərbaycanlı itkin düşüb” sərlöhvəli məqalələrdə 30 avqust tarixinin BMT Baş Assambleyası tərəfindən Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunduğu barədə məlumat verilir.

Məqalələrdə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4000-dək Azərbaycan vətəndaşının itkin düşdüyü qeyd edilir. Beynəlxalq hüquqa əsasən mülki şəxsləri əsir götürmək qadağan olunsa da, 29-u uşaq, 98-i qadın, 112-si yaşlı olmaqla, 267 Azərbaycan vətəndaşının əsir götürüldüyü və hələ də qaytarılmadığı, həmçinin 1102 azərbaycanlının sonradan erməni əsirliyindən sərbəst buraxıldığı barədə məlumat verilir.

Bildirilir ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası beynəlxalq humanitar hüququn normalarına zidd olaraq azərbaycanlı əsirlərin dözülməz şəraitdə saxlanıldıqlarını, onların Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində və Ermənistan Respublikası ərazisində bir yerdən başqa yerə köçürüldüyünü müəyyən etmişdir. Ermənistan Respublikası tərəfindən əsir götürülmə ilə bağlı çoxsaylı danılmaz sübutlar olmasına baxmayaraq, bu ölkə hələ də itkin düşmüş Azərbaycan vətəndaşları barədə məlumatları gizləyir.

Eyni zamanda, Azərbaycan Respublikasının keçmiş münaqişə nəticəsində itkin düşmüş vətəndaşlarının talelərinə aydınlıq gətirilməsi məqsədilə zəruri addımlar atması, qeyd edilən mövzuda ölkəmizin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə yaxından əməkdaşlıq etməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasının itkin düşmüş şəxslərin talelərinin müəyyən olunmasına şərait yaradığı bildirilir.

Beynəlxalq humanitar hüququn normaları və humanizm prinsiplərinə istinad edilərək qeyd olunur ki, keçən il baş vermiş müharibə zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən mühasirəyə alınmış erməni döyüşçüləri döyüş zonasından uzaqlaşdırılmış, onların ləyaqətlərinə və insan hüquqlarına tam hörmətlə yanaşılmış və bu xüsusda Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsi ilə yaxından əməkdaşlıq etmişdir.