YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Vaksinasiya ilə yanaşı, tələb olunan qaydalara əməl etmək də çox vacibdir

Koronavirus pandemiyası ilə bağlı dünyanın müxtəlif ölkələrindən verilən gündəlik məlumatlar yenə təşviş doğurur. Göründüyü kimi, bu təhlükəli virusa yoluxma və ölüm sayı durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq dünyada COVID-19-a yoluxanların ümumi sayı 210 milyonu ötüb, 4 milyon 406 mindən çox insan isə bu xəstəlikdən həyatını itirib.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat diqqətə çatdırıb ki, epidemioloqlar pandemiyanın tüğyan etməsini koronavirusun yeni ştamlarının yayılması ilə əlaqələndirirlər: “Ölkədə hazırda “Delta”, “Britaniya” ştamları ilə bərabər, “Delta plyus” variantları da aşkar edilib. Ekspertlərin fikrincə, avqustun sonuna yaxın ölkədə “Delta”nın dominantlıq edəcəyi gözlənilir. Bəzi ekspertlər payızda beşinci dalğanın olacağını istisna etmirlər. Gürcüstan əhalinin hər 100 min nəfərinə düşən yoluxma sayına görə hazırda irəlidə gedən ölkələr sırasındadır. Mütəxəssislərin fikrincə, Gürcüstanda pandemiyanın tüğyan etməsinin və ölüm hallarının artmasının əsas üç səbəbi var. Səbəblərdən birincisi, insanlarda peyvəndləməyə inamın az olması, ikincisi, vaksinasiyanın çox zəif aparılması, üçüncüsü isə tibbi maskalardan və digər vasitələrdən yetərincə istifadə olunmamasıdır. “Delta” ştamı Gürcüstanda daha çox yayılır və digər ölkələrə ixrac olunur. “Delta” ştamını isə “Delta plyus” əvəz edir, bu gün xəstələrin 40-50 faizi məhz bu ştama yoluxublar. Səhiyyə işçiləri pandemiya ilə əlaqədar daha ciddi tədbirlərin araşdırılmasını qadağaların tətbiqində görür. Hökumət isə iqtisadiyyata kömək məqsədilə hələlik ağır qapanmalara getmir. Turizm sezonu dövründə bu cür qapanmalar daha ağır nəticələrə səbəb ola bilər. Gürcüstana Rusiya, Ukrayna və ərəb ölkələrindən gələn yüzlərlə turistin hesabına isə virus daha çox yayılmağa başlayıb”.

N.Həmzəyevin sözlərinə görə, koronavirus pandemiyası Azərbaycanda da təhlükəli mənbəyə keçib, yoluxma və ölüm sayında artım davam edir: “Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bir həftədən çoxdur ki, ölkəmizdə koronavirusa yoluxma hallarında mənfi dinamikanın artdığını diqqətə çatdırıb. Digər ölkələrlə müqayisədə yoluxmanın artması Azərbaycanda bir qədər gec başlayıb, lakin son günlərin statistikası onu deməyə əsas verir ki, ölkəmizdə xəstəliyin növbəti alovlanma dövrü başlayıb. Bir müddətdir ki, əlaqədar qurumlar bununla bağlı həyəcan təbilini çalır”. Deputat qeyd edib ki, 2020-ci ildən başlayaraq, bütün dünya dövlətləri, o cümlədən Azərbaycan COVID-19 virusuna qarşı ciddi mübarizə aparır: “Azərbaycan ötən dövr ərzində əhalinin sağlamlığını qorunmaq üçün bütün lazımi tədbirləri həyata keçirir. Hətta 2021-ci ilin yanvarın 18-dən başlayaraq, ölkəmizdə vaksinasiya prosesi həyata keçirilməyə başlanıldı. Beləliklə, vaksinasiyanın sürətlə həyata keçirilməsi nəticəsində 2021-ci ili yaz aylarından etibarən yeni növ koronavirus infeksiyasına yoluxanların sayında kəskin azalmanın şahidi olduq ki, bu da bir sıra sahələrdə yumşalmalara gətirib çıxardı. Xüsusilə də Operativ Qərargah tərəfindən müəyyən qaydalar çərçivəsində toy şənliklərinin keçirilməsinə də icazə verildi. Ancaq təəssüflər olsun ki, bu cür yumşalmalar zamanı vətəndaşlarımız məsuliyyət hissini itirdilər, ötən ildəki çətin vəziyyəti unutdular”.

N.Həmzəyev onu da diqqətə çatdırıb ki, bugünkü yoluxmanın artmasına səbəb vətəndaşlarımızın vaksinasiya prosesində fəal sürətdə iştirak etməməsidir: “Unutmamalıyıq ki, yalnız bir doza vaksin vurdurmaqla iş bitmir. Ən azı ikinci doza vaksin də mütləq şəkildə vurulmalıdır. Bununla yanaşı, koronavirus infeksiyasına yoluxmuş bəzi vətəndaşlar var ki, immunitet sertifikatı alırlar. Onların da xəstəliyin sonrakı 6 ayı tamam olduqdan sonra mütləq şəkildə vaksin olunması vacib şərtdir. Çünki pandemiyadan qorunmağın yeganə yolu məhz vaksinasiyadır. Yeri gəlmişkən onu da qeyd edək ki, 2021-ci il sentyabrın 1-dən bütün dövlət qurumlarının, o cümlədən də işi əhaliyə xidmətlə bağlı olan bütün dövlət və özəl müəssisələrin əməkdaşlarının ən azı 80 faizi vaksinin ilk dozasını almalıdır, oktyabrın 1-dən isə ikinci dozanı almalı və ya COVID-19 virusuna qarşı immunitet sertifikatına sahib olmalıdır. Vaksinasiya kütləvi şəkildə həyata keçirilərsə, onda yoluxma sayında azalmanın şahidi olarıq. Vaksinasiya ilə yanaşı, bütün qaydalara mütləq şəkildə riayət olunması çox vacibdir”.

Deputat vurğulayıb ki, sərt karantin rejiminin tətbiq olunmaması üçün qapalı və açıq yerlərdə maska taxılması, sosial məsafənin gözlənilməsi tələb olunur: “Xəstəliklə mübarizənin yeganə yolu qoyulan qaydalara və tələblərə əməl etmək, öz sağlamlığının qayğısına qalmaqdır. Biz birlikdə bu xəstəliyin də öhdəsindən gələcəyik”.

 

DİGƏR Xəbərlər Arxiv