YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur

 Bu, müəyyən antimilli,  Azərbaycanı istəməyən dairələrin ortaya atdığı spekulyasiya istiqamətində addımlardır

      “Milli Məclisin buraxılacağı, növbədənkənar parlament seçkilərinin,  eyni zamanda, referendumun keçiriləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır, qərəzlidir və  müəyyən siyasi dairələrin məqsədinə xidmət edir. Hər bir hadisənin baş verməsi üçün onu şərtləndirən amillər olmalıdır. Bugünkü reallıqlar ondan ibarətdir ki, sözügedən  proseslərin baş verməsi üçün ölkədə heç bir amil, əsaslar yoxdur. Çünki ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, indi biz yeni tarixi dövrə daxil olmuşuq. Tarixi Qələbəyə imza atmışıq və yeni tarixi dövrdə qarşımızda  yeni hədəflər mövcuddur. Bunlar ilk növbədə Qarabağın bərpası və yenidən qurulması, həmin ərazilərin  minalardan təmizlənməsi və  Böyük Qayıdışın həyata keçirilməsi  ilə  bağlıdır. Ermənistanla sülh müqaviləsinin bağlanması da  vacib məsələlərdən biridir.”

       Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

  E.Nəsirov qeyd edib ki,  bütün bu reallıqlar fonunda növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsinə  ehtiyac varmı? Buna o halda ehtiyac olardı ki, parlament öz üzərinə düşdüyü funksiyanı yerinə yetirə bilməsin:  “Halbuki VI  çağırış Milli Məclisin fəaliyyəti kifayət qədər uğurlu olub. Parlament qanun yaradıcılığı, deputatların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı,  mətbuata açıq olmaları,  seçicilərlə müntəzəm görüşləri və onların problemlərinin həlli istiqamətində atılan addımlar nöqteyi-nəzərindən kifayət qədər uğurlu fəaliyyət göstərib.  Həmçinin  Milli Məclisin  sədri  hörmətli Sahibə xanım Qafarova   sözün həqiqi mənasında parlamentə xanım kübarlığı gətirib. Bütün məsələlər operativ şəkildə açıq müzakirə olunur. İclaslar başlayarkən 30-45 dəqiqə  ərzində cari məsələlər müzakirə edilir, hər kəs öz istədiyi fikri açıq şəkildə ifadə edir.”

    Millət vəkili parlamentin beynəlxalq əlaqələrinə də diqqəti yönəldərək bildirib ki, bu sahədə də Milli Məclisin əlaqələri  kifayət qədər güclüdür: “Milli Məclisin   sədri Sahibə xanım Qafarovanın  rəhbərliyi ilə   Türkiyəyə, Pakistana, Rusiyaya, Macarıstana olan yüksək səviyyəli səfərlər və əldə olunan nəticələr,  eyni zamanda,  Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi, bütün bunlar göstərir ki, parlamentimiz diplomatik cəhətdən də çox uğurlu fəaliyyət göstərir. Bu reallıqları, həmçinin  parlamentdə çoxpartiyalı təmsilçiliyi nəzərə aldıqda qeyd edə bilərik ki, Milli Məclisin   ilyarımlıq fəaliyyəti səmərəli olub. Parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin, eyni zamanda, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur. Bu, müəyyən antimilli,  Azərbaycanı istəməyən dairələrin ortaya atdığı spekulyasiya istiqamətində addımlardır.”