YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib

Avqustun 4-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında  6 siyasi partiyanın YAP-a qoşulması da xüsusi vurğulanmalıdır. Onun sözlərinə görə, qurultayın keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə və regionda yaranmış yeni reallıqlar fonunda YAP-ın qarşısında duran vəzifələrin və yeni dövr üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsindən ibarət olub.

YAP Sədrinin müavini qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı ötən illər ərzində dövlətimiz ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli iş aparıb: “Məlumdur ki, bu dövrdə Ermənistan və onun havadarları, erməni diasporu, lobbisi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün kampaniyalar aparıblar. Bu informasiya müharibəsində ölkəmiz tərəfindən Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüldü. İqtisadiyyatımızın bir neçə dəfə artması, xüsusilə güclü ordunun yaradılması, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunması, tolerantlıq məkanı kimi özünü təsdiqləməsi bizi qələbəyə doğru aparan mühüm amillərdir. Eləcə də, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında sənədlər qəbul olundu ki, bu sənədlər öz gücümüzə torpaqlarımızı işğaldan azad etmək üçün hüquqi baza rolunu oynadı”.

Tahir Budaqov deyib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amilərdən biri xalq-iqtidar birliyi və vətəndaş həmrəyliyidir. Müharibə başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat verərək Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması da Azərbaycanda milli həmrəyliyin növbəti təcəssümüdür.  

Qarşımızda böyük vəzifələrin dayandığını deyən YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, bu vəzifələrin yerinə yetirilməsi üçün daha da güclü olmalıyıq. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üçün də yeni prioritetlər mövcuddur. Partiyanın hazırlanan yeni proqramında da bu prioritetlər geniş şəkildə öz əksini tapacaq. Prioritetlər sırasında Azərbaycana  dost olan ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi də xüsusi yer tutur. Buna nümunə kimi YAP və AK Parti arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolunu və hər  iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini vurğulamaq yerinə düşər.  

Tahir Budaqov YAP-ın sıralarına qoşulmuş 6 siyasi partiyanın nümayəndələrinin də partiyamızın həyatında fəal iştirak edəcəyinə inamını ifadə edib.

Tədbir iştirakçılarından Azərbaycan Yurddaş Partiyasının sabiq sədri Gülayə Səfərova, Azərbaycan Kəndli Partiyasının sabiq sədri Məmməd Məmmədov və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sabiq sədri Qasım Qasımov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvləri kimi üzərlərinə düşən vəzifələri layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Sonra tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.