YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Ermənistanı tarixi ədaləti tanımağa və sülhə dəvət edir

Əli  HÜSEYNLİ, 

Milli Məclisin deputatı

Son illər ərzində ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin güçləndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmişdir. Vətən müharibəsindən sonrakı dövrdə daim dövlətin qayğısı altında olan bu sahəyə diqqət daha da artmaqdadır. Ən həssas kateqoriyadan olan vətəndaşlar - 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə, 7200-dən çox Qarabağ qazisi fərdi avtomobillərlə təmin olunub və bu proses davam edir. Bu proses davamlı xarakterə malikdir və bu il 3 minədək şəhid ailəsinin, müharibə əlilinin evlərlə, mənzillərlə təmin edilməsi də təmin olunmuşdur.

Qazilərimizin məşğulluq məsələləri həll olunur və bu məsələdə özəl sektor fəal iştirak edir. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qaziyə artıq münasib iş yeri təklif olunub. İkinci Qarabağ müharibəsinin 100-dək müharibə əlili artıq ən yüksək keyfiyyətli protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. 8400 nəfər müharibə iştirakçısına sosial ödənişlər verilib. Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər.

2021-ci il 14 iyul tarixində Xocasən qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə 810 mənzildən ibarət yaşayış kompleksinin açılışı, həmçinin şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi dövlət tərəfindən Azərbaycan xalqının maraqlarına cavab verən sosial siyasətin yeni bir nümayişi,  İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə qayğının təzahürüdür.

Şəhidlərimizin ruhunun yad edilməsi başlayan tədbirdə dövlət başçısının çıxışı siyasi əhəmiyyət kəsb edən bir sıra mühüm məqamlarla yadda qalmışdır. Cənab İlham Əliyev Zəfər uğrunda həlak olmuş bütün şəhidlərimizin qisasının alındığını söyləmişdir: “Biz ...bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq”.

İkinci Qarabağ müharibəsini Azərbaycan xalqının şanlı tarixi adlandıran ölkə rəhbəri itkilərimizin düşmənə nisbətən xeyli az olduğunu Azərbaycan ordusunun peşəkarlığı, hazırlığı və döyüş əzmi, müasir döyüş taktikasının və texnologiyaların tətbiqi ilə izah etmişdir: “Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində İkinci Qarabağ müharibəsi öyrənilir. Azərbaycana bir çox yerlərdən təcrübəmizi öyrənmək üçün müraciətlər olunur. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. “Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır”.

Vətən müharibəsindən sonra hətta bütün dünyan iqtisadiyyatına və siyasətinə müsbət impuls verənregionda yeni reallıqlar formalaşmaqda və yeni inkişaf mərhələsi yaşanmaqdadır. Azərbaycan bu prosesin əsas oyunçularından və ilhamverici qüvvələrindən biridir. Bununla bağlı “Artıq dinc quruculuq və postmünaqişə dövrü başlayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq”,-söyləyən cənab İlham Əliyev özünün imzaladığı 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmana uyğun olaraq “Dağlıq Qarabağ” ifadəsinin birdəfəlik tarixə qovuşduğunu bir daha bəyan etmişdir: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzalanmış Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

Ölkə başçısının nitqində Zəngəzur bölgəsi ilə bağlı yer alan və bölgədə yeni siyasi iqlimin formalaşmasından xəbər verən aşağıdakı ifadələr Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə, Ermənistanda isə təlaşla qarşılanmışdır: “Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Tarixi sənədlər, xəritələr göstərir sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda ərazi iddiası ilə çıxış etdiyimizi deyirlər: Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz”.

Fikrini inkişaf etdirərək bütün kommunikasiyalar açılandan sonra üçtərəfli 10 noyabr Bəyanatına uyğun olaraq Azərbaycan əhalisinin öz dədə-baba torpaqlarına qayıdacağına inamını belə ifadə etmişdir: “Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”. Bu, həm də Ermənistana, onun havadarlarına, dünya ictimaiyyətinə bir ismarıcdır.

Azərbaycan Prezidenti bütün fəaliyyəti boyu olduğu kimi, hətta Ermənistanın qeyri-konstruktiv, pozucu mövqe sərgiləməsinə baxmayaraq bu dəfə də Azərbaycanın sülh prinsiplərinə sadiq olduğunu dilə gətirmişdir: “Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq...Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur...Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir...Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.