YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir

«Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Xocalı soyqırımı erməni millətçiləri tərəfindən həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsini təşkil etmişdir. Bu kütləvi qırğından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların  yaşadıqları bir sıra yaşayış məntəqələrində əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirmişdir. Onun sözlərinə görə, Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.  Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlər geniş vüsət almışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir.

«Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir.  Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 15 ştatının  icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin və Onun başçılıq etdiyi hökumətin, həmçinin Milli Məclisin, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin nəticəsidir. Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə Milli Məclisin 20 deputatı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, İtaliyada, Niderlandda və İsraildə keçirilən Xocalı faciəsi qurbanlarının anım mərasimlərində iştirak edir. Biz əminik ki, Xocalı soyqırımı cəzasız qalmayacaqdır. Nə yolla olursa-olsun, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının da, digər cinayətlərin də bütün təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar»- deyə, spiker vurğulayıb.